BANK

01 Yanvar
2

"Nikoil Bank"da problemli kreditlər 15%-ə çatıb

Azərbaycanın "Nikoil Bank" ASC-nin kredit portfelində problemli kreditlərin xüsusi çəkisi 15%-dir və 2015-ci il ərzində bu göstəricinin 9%-dək azaldılması planlaşdırılır. Fins.az-ın "Report.az"a istinadən məlumatına görə, bunu Bankın İdarə Heyətinin sədri Vasiliy Xamaza bildirib.

V.Xamaza qeyd edib ki, problemli kreditlərin bu həcmdə olması bank üçün təhlükəli deyil: "Çünki bu kreditlərin təxminən 90%-nin daşınmaz əmlak təminatı mövcuddur. Bu isə problemin məhkəmə qaydası ilə maksimum 5 ilədək uzanması olsa belə həllinin mümkünlüyü deməkdir".

Bununla yanaşı İdarə Heyətinin sədri əlavə edib ki, "Nikoil Bank"ın kredit reytinqi alması üçün 2016-cı ildə problemli kreditlərin xüsusi çəkisi 7%-dən çox olmayacaq: "Reytinqin alınması uzunmüddətli prosesdir. Bank "Fitch" və "Moody's" kimi beynəlxalq reytinq agentlikləri ilə cari ilin ikinci yarısında bu istiqamətdə danışıqlara başlaya bilər".

Onun sözlərinə görə, 2014-cü ildə Bankın kredit portfelinin genişləndirilməsi ilə bağlı planı 104% icra olunub və 2014-cü ilin sonuna kredit portfelinin həcmi 291,7 mln. manat təşkil edib, illik artım isə 66,5 mln. manat və ya 30% olub.