BANK

01 Yanvar
8

Əmanətlərə vergi tətbiqində qeyri-müəyyənlik

Fins.az Marja-ya istinadən xəbər verir ki, kommersiya bankları əmanətçilərdən gəlir vergisini tutmağa başlayıb. Belə ki, dekabrın 31-də əmanətlər üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi üçün verilmiş güzəşt müddəti başa çatıb. Eyni zamanda, Milli Məclis banklarda və digər kredit təşkilatlarında fiziki şəxslərin əmanətləri üzrə vergi güzəştlərini nəzərdə tutan qanun layihəsini qəbul edib. Amma bu qanun idiyədək Prezident tərəfindən imzalanmadığından qüvvəyə minmiş sayılmır.

Banklar bildirirlər ki, Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 27 dekabr 2013-cü il tarixli “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun müddəti bitdiyindən Vergilər Məcəlləsinə uyğun vergi tutulmalıdır.

Mütəxəssislər bankların haqlı olmaları ilə bərabər, müştərilərin də haqlı olduğunu bildirirlər. Belə ki, əmanətçi ilə bank arasında müqavilə bağlanan zaman əmanət faizindən vergi tutulacağı barədə bənd müqaviləyə daxil edilməyib.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanuna” görə, yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Bu qanun Milli Məclis tərəfindən ötən ilin sonunda qəbul edilib.

Qeyd edək ki, aylıq gəlirdən aşağıdakı dərəcələrlə vergi tutulur:

Vergi tutulan aylıq gəlirin məbləği

Verginin məbləği

2500 manatadək

14 faiz

2500 manatdan çox olduqda

350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi