BANK

01 Yanvar
2

Əmanətlərdən vergi belə tutulacaq- DƏYİŞİKLİK

Azərbaycanda bank əmanətlərindən vergi tutulmasının yeni qaydaları açıqlanıb. Fins.az-ın APA-ya istinadən məlumatına görə, dəyişikliklər Milli Məclisin İqtisadi Siyasət Komitəsinin bu gün keçirilən iclasında açıqlanıb.
İclasda “Vergi Məcəlləsi”ndə dəyişikliklə bağlı qanun layihəsi müzakirə olunub. Vergilər nazirinin birinci müavini Natiq Əmirov məcəlləyə dəyişikliklər barədə məlumat verib. O, bildirib ki, ən mühüm dəyişiklik yerli bankların və xarici bankların Azərbaycandakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin vergiyə cəlb olunması ilə bağlıdır. Belə ki, dəyişikliyə əsasən gəlirlərin 500 manatadək olan hissəsi gəlir vergisindən azaddır.
“Əhalinin əmanətlərə görə illik gəlirinin 500 manatadək hissəsi gəlir vergisindən azaddır. Əmanətlərə görə illik gəliri 500 manatdan çox olan hissədən gəlir vergisi tutulacaq. Məsələn, əmanətçinin bir bankda 30 min manat həcmində əmanəti olarsa, həmin şəxs ildə 300 manat gəlir vergisi ödəməli olacaq. Əgər əmanətçi gəlir vergisindən azad olmaq istəyirsə, o zaman bu məbləği altı bankda illik gəliri 500 manatdan çox olmamaq şərti ilə yerləşdirə bilər”, - deyə N. Əmirov bildirib.
Millət vəkili Vahid Əhmədov sözügedən dəyişikliyi bir il sonra müzakirə etməyi təklif edib.
Komitənin sədrinin müavini Çingiz Əsədullayev isə Vahid Əhmədovun təklifinin əksinə olaraq ümumiyyətlə güzəştlərin ləğvini daha məqbul hesab edir. Millət vəkilinin fikrincə, əmanətlərin illik gəlirinin 500-dək olan hissəsinin vergidən azad olunması banklar üçün müəyyən problemlər yaradacaq: “Əgər bu dəyişiklik qalarsa, banklar proqram təminatını yeniləməli olacaq”.
Sonda qanun layihəsi Milli Məclisin Plenar iclasında müzakirə olunmaq üçün tövsiyə olunub.