BANK

01 Yanvar
11

Deputatların kredit borcu varmı?

Fins.az-ın Azvision.az saytına istinadən məlumatına görə, Milli Məclisdə keçirilən büdcə müzakirələri zamanı millət vəkillərinin əksəriyyəti bankları tənqid edərək kreditlərin faiz dərəcələrinin çox olmasından şikayətləniblər.

Deputatlar dəfələrlə bu məsələni parlament tribunasıdan qaldırsalar da özəl banklarda faizlər olduqca yüksəkdir. Buna baxmayaraq, vətəndaşlar yenə bankların əl yandıran kredit xidmətindən istifadə edirlər. Ekspertlərin fikrincə, Azərbaycanda hər 4 nəfərdən birinin banka kredit borcu var. Bəs, Milli Məclis üzvləri necə kreditə pul götürürlərmi?

Millət vəkili Fazil Mustafa indiyədən kredit götürmədiyini deyib.

"Hansısa bir xüsusi sahəm yoxdur ki, ora vəsait sərf etmək üçün kredit götürüm. Heç vaxt kredit götürməmişəm. Kredit götürmək əlverişli olmadığı üçün heç planlaşdırmıram. Azərbaycan maaşları ilə çalışan bir şəxs kredit götürməmişdən əvvəl xeyli düşünməlidir. Çünki faizləri heç bir halda qaytarmaq mümkün deyil. Sözün açığı buna heç risk də eləmirəm. İstər dövlətə, istərsə də hansısa bir şəxsə borclu qalmaqda istəmirəm”.

Deputat Zahid Oruc isə özü və ailəsinin adında heç vaxt kredit olmadığını söyləyib:

"Mən heç vaxt kredit götürməmişəm. Nə istehlak krediti, nə istehsalat, nə də ki, əmlak alqı-satıqı üçün heç vaxt kreditdən istifadə etməmişəm. Özüm şəxsi adıma heç vaxt belə bir cəhd etməmişəm. Yaxınlarım və doğmalarım da kredit götürməyib. Bu nə qəbahətdir, nə də üstünlükdür? Bu sadəcə gerçəkliyin bir ifadəsidir. Parlamentdə olduğum dövrdə onlarla insana kredit almaq məsələsində yardım etmişəm. Kredit sahəsindəki problemləri daha yaxından bilirəm və bunu da parlamentdə gündəmə gətirmişəm”.

Milli Məclisin deputatı Ceyhun Osmanlı isə yalnız kredit kartlarından istidadə etdiyini söyləyib. O, qeyd edib ki, nə maşını, nə də evini kreditlə alıb:

"Kredit kartım var və mütəmadi olaraq onda borc yaranır. Adətən xaricdə olanda kredit kartından istifadə edirəm. Ölkəyə geri qayıtdıqdan sonra da kredit borcumu ödəyirəm. Söhbət çox kiçik məbləğli kreditlərdən gedir. Səfər ərzində, hər hansı bir restoran və otel ödənişləri də bura daxildir. Biznes xarakterli hər hansı bir kreditim yoxdur. Nə maşın üçün, nə də ev üçün kreditim yoxdur. Bəzi insanlar bir bankdan kredit götürüb o biri banka olan borclarını ödəyirlər. Ona görə də problemli kreditlər artır”.

Parlament üzvü Vahid Əhmədov kredit götürməyi düşünmədiyini qeyd edib:

"Heç vaxt kredit götürməmişəm. Götürmək fikrim də yoxdur. Kredit götürməyi də məqbul saymıram. Kredit borcdur, qaytarmalısan. İstehsalat sahələri üçün kredit götürməyi qəbul edirəm. Əgər imkan varsa maşın üçün də kredit götürmək olar. Azərbaycanda 1 milyard manata yaxın kredit borcu yaranıb. Təxminən 3-4 milyona yaxın insan banklara borcludur. Onların əmlakları, maşınları əllərindən alınır. Kredit götürən adam fikirləşməlidir ki onu qaytara biləcək, yoxsa qaytara bilməyəcək. Bu zaman həm banklar üçün həm də həmin şəxslərin özü üçün problem yaranır. Bizdə kredit götürmək məsələsində bir az ehtiyatlı olmaq lazımdır. Gələcəkdə də kredit götüməyi fikirləşmirəm”.

Deputat Elton Məmmədov isə bildirib ki, hazırda maşın və ev ilə bağlı krediti yoxdur:

"Bütün dünya kreditlə işləyir. Kim öz şəxsi sərmayəsi ilə işləyə bilər ki? Sivil bank sistemində mən kredit götürülməsini məslət bilirəm. Kredit götürən şəxs və bank məsuliyyəti hiss etməlidir. Əgər həmin şəxs iş görürsə, dövriyyəsi varsa, qaytara biləcəksə və hüquqi baza düzgündürsə kredit götürə bilər. Məndə maşın və evin kreditlə götürülməsi hazırda yoxdur. Gələcəkdə kredit götüməyim məsələsini zaman bilər. Hələ ki, kredit götürməmişəm. Ehtiyacımda yoxdur. Elə bir işdə görməmişəm və elə bir dəbdəbəli mənzilim də yoxdur. İnsanlar nəyinki kredit sahəsində, hər hansı bir addımı atmamışdan öncə fikirləşməli və bu işin məsuliyyətini dərk etməlidirlər. Dünya bank sisteminə baxdıqda bizdə bu gün kredit faizləri yüksəkdir. Arzu edərdik ki, gələcəkdə bu sistemdə də təkmilləşmə getsin və insanlarımız güzəştli kreditlər alıb işlərini görə bilsinlər”.

Millət vəkili Siyavuş Novruzov kreditə ehtiyacının olmadığını deyir:

"Mən heç vaxt kredit götürməmişəm. Heç götürmək fikrim də yoxdur. Məndə olan hər iki maşın hökumət maşınıdır. Dövlətin verdiyi maşındır. Şəxsi maşınım yoxdur. Ona görə də kreditə ehtiyacım yoxdur”.