Bank

01 Yanvar
2

“Parabank”ın problemli kreditləri 13%-dir

Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, “Parabank”ın məcmu kapitalı 21,3 milyon manat təşkil edib. Bu da Mərkəzi Bankın banklar qarşısında qoyduğu tələbdən (50 milyon manat) 2-3 dəfə azdır. Bu barədə fins.az banka istinadən xəbər verir.
Xatırladaq ki, digər banklar kimi “Parabank” da kapitalı problemini səhm emissiyası yolu ilə həll etmək istəyir. Sabahdan Bakı Fond Birjasında bankın səhmlərinin yerləşdirilməsinə başlanacaq.

“Parabank”ın öhdəlikləri isə 105,9 milyon manat, o cümlədən depozitləri 69,2 milyon manat olub. Beləliklə, bankın aktivləri 127,2 milyon manat təşkil edib.

İstehlak kreditləşməsini azaldıb

9 ayın yekunlarına görə, “Parabank”ın kredit portfeli 98,1 milyon manat təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə 7% çoxdur. Bankın ayırdığı kreditlərin 33,1 milyon manatı fiziki şəxslərə verilmiş istehlak və ipoteka məqsədli kreditlər olub. 2013-cü ilin yekunlarına nisbətən bu kreditlərin portfeldə payı 58,1%-dən 33,7%-ə düşüb, məbləği isə 37,85% azalıb.
Əvəzində bank digər sahələrin kreditləşməsini artırıb. Məsələn, “Parabank”ın kənd təsərrüfatına ayırdığı kreditlərin məbləği 17,6% artaraq 19,5 milyon manat olub. Fermerlərin kredit portfelindəki payı isə 18,1%-dən 19,9%-ə qalxıb.

Bankın tikinti sektoruna ayırdığı kreditlərin məbləği isə 9,7 dəfə artaraq 30,3 milyon manata çatıb. Bu sahənin kredit portfelindəki payı isə 3,4%-dən 30,8%-ə yüksəlib.
“Parabank” ticarət sektorunun kreditləşməsini də artırıb. Tacirlər ilin əvvəli ilə müqayisədə bankdan 13,6% çox – 9,1 milyon manat kredit alıblar. Bank emal sənayesinə isə 1,9 milyon manat kredit ayırıb. Ötən ilin yekunlarına görə, bu sahədə kreditləşmə olmayıb.

Hər 100 manatın 13 manatını geri ala bilmir

Yanvar-sentyabr aylarının yekunlarına görə, “Parabank”ın verdiyi kreditlərin 13%-nin vaxtı keçib. Ötən ilin yekunlarına görə, bu nisbət 12,8% olub. Bankın problemli kreditləri 12,8 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 8,8% çoxdur.

440 min manat mənfəəti olub

İlin əvvəli ilə müqayisədə Bankın faiz gəlirləri 20,7% artaraq 4,8 milyon manat, faiz xərcləri 1,8% azalaraq 2,2 milyon manat, qeyri-faiz gəlirləri 17% azalaraq 1,05 milyon manat, qeyri-faiz xərcləri isə 26,8% artaraq 2,6 milyon manat təşkil edib. Beləliklə, bankın xalis əməliyyat mənfəəti təxminən 1 milyon 19 min manat olub ki, bunun da 448 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına, 130 min manatı isə vergilərin ödənilməsinə yönəldilib. Beləliklə, “Parabank” təxminən 440 min manat xalis mənfəət əldə edib.