Bank

01 Yanvar
5

İstehlak kreditləri qayıdır?

Azərbaycanda istehlak kreditləri ilə bağlı tətbiq edilən çoxsaylı məhdudiyyətlərə baxmayaraq bu kreditlərin artımını dayandırmaq mümkün olmayıb. Əksinə son rəqəmlər göstərir ki, sentyabr ayında kreditlərin artımının yarısı məhz istehlak kreditlərinin hesabına təmin edilib.

Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycanda kredit qoyuluşunun məbləği 17 milyard 631,6 milyon manat olub. Fins.az-ın Mərkəzi Banka istinadən yaydığı məlumata görə, son bir ayda ölkədə verilən kreditlər 322,7 milyon manat artıb.

Kredit qoyuluşunun artmasında həlledici rolu istehlak kreditləri (ev təsərrüfatlarına) verilən kreditlər oynayıb. Bu sahəyə verilmiş kreditlərin məbləği 1 ay ərzində 150,5 milyon manat artaraq 7 milyard 253,4 milyon manata çatıb. Başqa sözlə, ümumi artımın təxminən yarısı istehlak kreditlərinin hesabına formalaşıb. Nəticədə ümumi kredit portfelində istehlak kreditlərnin payı yenidən artaraq 41,1%-ə yüksəlib.
Ötən ay inşaat və əmlak sektoruna verilən kreditlər 69,8 milyon manat, ticarət və xidmətə verilmiş kreditlər 47,4 milyon manat, kənd təsərrüfatı və emalda 21,2 milyon manat, sənaye və istehsalda isə 12,5 milyon manat artıb.
Bəzi sahələrdə isə kredit qoyuluşu azalıb. Məsələn, energetika, kimya və təbii ehtiyatlar sektoruna ayrılan kreditlər əvvəlki ayla müqayisədə 4,1 milyon manat, nəqliyyat və rabitə sektorunun kreditləşməsi isə 3,9 milyon manat az olub.