BANK

01 Yanvar
12

"NBC Bank" istehlak kreditlərini azaldıb

Bu ilin əvvəlindən “NBC Bank”ın aktivləri 15,2% artıb. Fins.az-ın banka istinadən məlumatına görə, yanvar-sentyabr aylarının yekunlarına görə, “NBC Bank”ın aktivləri 135 milyon 5 min manat təşkil edib. Son 9 ayda bankın depozitləri 12,2% artaraq 58,75 milyon manat təşkil edib.

İstehlak kreditlərini azaldır

Yanvar-sentyabr aylarının yekunlarına görə, “NBC Bank”ın kredit portfeli 115 milyon 46 min manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 17,7% çoxdur. Bankın kredit portfelinin 59,3%-i istehlak kreditlərinin payına düşür - istehlak kreditləri 68,3 milyon manatdır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, ilin əvvəlindən indiyədək bankın istehlak kreditləri xeyli azalıb. Belə ki, ilin əvvəlində bankın istehlak kreditləri 76 milyon 115 min manat olub ki, bu da həmin dövrdəki kredit portfelinin 78,4%-i idi. İndi isə istehlak kreditlərinin həm məbləği, həm də ümumi kredit portfelində payı azalıb.
Bundan başqa, ticarət və xidmət sektoruna 25,5 milyon manat, sənaye sahələrinə isə 21,1 milyon manat kredit verilib. “NBC Bank”dan mərkəzi və bələdiyyə orqanları da kredit alıb - 35 min manat.

Problemli kreditləri 5,5%-dir

9 ay ərzində bankın problemli kreditləri 6,6% artıb. Belə ki, ilin əvvəlində bankın vaxtı keçmiş kreditləri 5 milyon 923 min manat olduğu halda, oktyabrın 1-nə bu rəqəm 6 milyon 314 min manata çatıb. Bu da ümumi kredit portfelinin 5,49%-i qədər və demək olar ki, ölkə üzrə orta həddə (5,4%) bərabərdir.

381 min manat təmiz mənfəət əldə edib

İlin əvvəlindən bəri “NBC Bank”ın faiz gəlirləri 1,4% azalaraq 13 milyon 90 min manat, qeyri-faiz gəlirləri isə 38,1% azalaraq 1 milyon 412 min manat olub. Bankın faiz xərcləri 14,3% azalaraq 5 milyon 588 min manat, qeyri-faiz xərcləri isə 22,7% azalaraq 6 milyon 34 min manat təşkil edib. Bank ilin əvvəli ilə müqayisədə xüsusi ehtiyatların yaradılmasına isə 3,7 dəfə çox, 2,5 milyon manat vəsait yönəldib. Beləliklə, bütün gəlirlərdən xərclər çıxılandan sonra bank 381 min manat təmiz mənfəət əldə edib.