BANK

01 Yanvar
2

Azərbaycanın 2 bankı kapitalını artırır

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Azər-Türk Bank” ASC-nin səhm emissiyasını qeydə alıb. Fins.az-ın QKDK-ya istinadən verdiyi məlumata görə, hərraca kütləvi təklif üsulu ilə hər birinin nominal dəyəri 1 manat olan 36 552 682 səhmin çıxarılması nəzərdə tululub. Emissiya baş tutsa, bankın nizamnamə kapitalı 37 milyon manata yaxın artaraq 50 milyon manata çatacaq. Paralel olaraq “Azər-Türk Bank”ın məcmu kapitalı 50 milyon manatı keçəcək ki, bu da Mərkəzi Bankın kapital tələbinin yerinə yetirilməsi deməkdir. Xatırladaq ki, hazırda bankın nizamnamə kapitalı 13,45 milyon manat, məcmu kapitalı isə 17,2 milyon manatdır.

QKDK “Dekabank” ASC-nin də səhm emissiyasını qeydə alıb. Söhbət nominal dəyəri 1100 manat olan 47970 səhmdən gedir. Bu səhmlər nominal dəyəri 500 manat olan 47970 səhmə konvertasiya yolu ilə yerləşdiriləcək. Başqa sözlə, emissiya baş tutsa, “Dekabank” səhmlərinin nominal dəyərini 600 manat artırmaqla, nizamnamə kapitalını təxminən 29 milyon manat artırmış olacaq. Bu, bankın həm nizamnamə, həm də məcmu kapitalının 50 milyon manatı keçməsi və Mərkəzi Bankın kapital tələbinin yerinə yetirilməsi deməkdir. Xatırladaq ki, hazırda bankın nizamnamə kapitalı təxminən 24 milyon manat, məcmu kapitalı isə 26,4 milyon manatdır.

Xatırladaq ki, bir qədər əvvəl hər iki bankın rəhbərliyi bildirmişdi ki, kapital tələbinin yerinə yetirilməsində problem olmayacaq.