BANK

01 Yanvar
11

Əhali banklara 463 milyon kredit faizi ödəyib

2014-cü ilin yanvar-iyun aylarında Azərbaycan əhalisi kreditlər üzrə faizlərin ödənilməsinə 463 milyon manat sərf edib. Bu da banklara hər gün orta hesabla 2,6 milyon manat faizin ödənildiyi deməkdir.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, birinci yarımildə əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artaraq 17,8 milyard manata çatmışdır. Əhali 17,8 milyard manatın 2,6 faizini və ya 463 milyon manatını kreditlər üzrə faizlərin ödənilməsinə sərf etmişdir.

Bu dövr ərzində gəlirlərin 70,2 faizi son istehlak xərclərinə, 9,2 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 18 faizi isə yığıma yönəldilmişdir. Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 16,1 milyard manat həcmində və ya əvvəlki ildəkindən 5 faiz çox vəsait qalmışdır.

Məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlərin istehlak qiymətlərindən daha sürətlə artması nəticəsində əhalinin alıcılıq qabiliyyəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz yüksəlmişdir.

Əhalinin gəlirlərinin hər nəfərə düşən həcmi 3,3 faiz artmışdır.