Bank

08 May
3

“Maliyyə sistemi çökə bilər” - Konstitusiya Məhkəməsinə xəbərdarlıq

Maliyyə sektorunun və dollarda kredit borcu olan insanların gözü-qulağı Konstitusiya Məhkəməsindədir.

Fins.az-ın “Marja”ya istinadən verdiyi məlumata görə, bu gün qurumun Plenumunun iclası keçirilib, iddiaçıların, maraqlı tərəflərin və hakimlərin fikirləri dinlənilib. Plenumda Azərbaycan Mərkəzi Bankının baş direktoru Rəşad Orucov çıxış edib. O, “Konstitusiya Məhkəməsi dollarda olan kreditlərin köhnə məzənnə ilə ödənilməsini ehtiva edən qərar qəbul edərsə, bu, Azərbaycanın maliyyə sisteminin çökməsinə səbəb ola bilər”, deyib.

Rəşad Orucov qeyd edib ki, “kreditlərin verilməsi” “ödəniş vasitəsi” anlamına gəlmir. Pul da əşyalardan biridir. Kredit verilməsi, bankın pul mülkiyyətini borcalana istifadə etməyə verməsi deməkdir. Əşyanın valyutasının müəyyən edilməsi və ya seçilməsi tərəflərin öz hüququdur.

“Əgər kredit dollar əşyasında verilibsə dollarda, manat əşyasında verilibsə manatda geri qaytarılmalıdır”,- o deyib.

Mərkəzi Bank rəsmisinin sözlərinə görə, kreditlərin dollarda verilməsi Konstitusiyaya zidd deyil. Konstitusiyaya görə, Azərbaycan ərazisində yeganə ödəniş vasitəsi manatdır. Ödəniş dedikdə alınan mal və xidmətlərin dəyərinin ödənilməsi başa düşülür. Kreditin verilmsi isə, pul əşyasından mülkiyyət hüququnun başqasına verilməsidir.

Rəşad Orucov qeyd edib ki, bu gün Azərbaycanda bank sisteminin aktivlərinin 87%-i cəlb edilmiş vəsaitlərdən ibarətdir. Cəlb edilmiş vəsaitlərin böyük hissəssini depozitlər, depozitlərin də böyük bir hissəsini əhalinin əmanətləri təşkil edir:

“Bu gün banklarda əhalinin 7,8 milyard manat əmanəti var. Son vaxtlar bu əmanətlərin böyük bir hissəsi xarici valyutaya konvertasiya edilib. Əgər ötən ilin sentyabr ayının 1-də banklarda əhalinin əmanətlərinin 37%-i xarici valyutada idisə, bu gün əmanətlərin 67%-i xarici valyutadadır. Əmanətlər qısa bir müddətdə xarici valyutaya çevrilibdir, banklar isə bu vəsaitləri tam yerləşdirə bilməyiblər. Bu səbəbdən də bankların əlavə 800 milyon manat xərcləri əmələ gəlib”.

R.Orucov qeyd edib ki, fərqli qərar qəbul edilərsə;

- bankların itkiləri arta bilər,

-banklar öz öhdəliklərini yerinə yetirə bilməyəcəklər, o cümlədən əmanətləri geri qaytara bilməyəcəklər,

-maliyyə sistemində sabitlik pozula bilər,

- bankların müflis olmasının dövlət büdcəsi hesabına qarşısının alınması gündəmə gəldiyindən əhəmiyyətli büdcə xərcləri yarana bilər,

- bankların kredit vermək imkanları azalacaq,

- biznes və əhali kredit ala bilmədiyindən iqtisadi inkişaf ləngiyəcək,

- İqtisadi inkişaf ləngiyəcəyindən şirkətlər işçiləri ixtiar edəcəklər,

-Biznesdə inkişaf dayandığından ödənilən vergilər azalacaq,

-Bankların öz kapitalları aşağı düşəcək,

-Bankların kapitalları azaldığından xarici kreditorlar Azərbaycan banklarına verdikləri kreditləri geri tələb edəcəklər. Bu da ölkənin valyuta ehtiyatlarına ciddi təzyiq yarada bilər,

-Risklər domino effekti ilə digər sahələrə ötürülə bilər.

Plenumuun qərarının yaxın günlərdə açıqlanacağı bildirilib.

Hüquqşünaslar Konstitusiya Məhkəməsi Plenumunun qərarının bankların xeyrinə ola biləcəyini proqnozlaşdırırlar. Böyük ehtimalla, "kreditin verilməsi" və ya "öhdəliyin yaranması", "kreditin ödənilməsi", "pulun dövriyyəsi" anlayışlarının "ödəniş vasitəsi" anlayışları ilə eyni olmadığı izah ediləcək. Konstitusiyanın 19-cu maddəsinə görə, Azərbaycan ərazisində yeganə ödəniş vasitəsi manatdır. Lakin kreditin verilməsi və qaytarılması "ödəniş" sayılmayacağından, dollarda olan kreditlər dollarda alınmışdırsa, dollarda da geri qaytarılmalı olacaqdır.