Bank

16 May
1

Mərkəzi Bankın kapital ehtiyatları ilə bağlı qaydalar dəyişdirildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mərkəzi Bank haqqında” qanuna əlavə və dəyişikliklər edilib. Fins.az-ın “Trend”ə istinadən verdiyi məlumata görə, bununla da Mərkəzi Bankın yeni öhdəlikləri müəyyənləşdirilib.

Qanunun 10.3-cü maddəsinə edilən dəyişikliyə əsasən, Mərkəzi Bankın kapital ehtiyatları artıq tədavülə buraxılmış nağd milli valyutanın 15%-i qədər müəyyən edilməyəcək. Əvəzində, onun nizamnamə kapitalından az olmamaq şərti ilə hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılacaq. Qanuna əlavə edilmiş 13.2-ci maddədə isə qeyd olunur ki, “Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur”.

14.2-ci maddəyə edilən dəyişikliyə əsasən isə, Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək.

Layihə Milli Məclisin bu gün keçirilən plenar iclasında səsə qoyularaq qəbul olunub.