BANK

16 May
3

“Əmanətlərin sığortalanması məbləğinin artırılmasına ehtiyac yoxdur”

Bu gün Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Himayəçilər Şurasının (HŞ) iclası keçirilib. Bu barədə fins.az-a ƏSF-nin icraçı direktoru Azad Cavadov məlumat verib. Onun sözlərinə görə, iclasda 2015-ci ilin 1-ci rübünün nəticələri müzakirə edilib və əmanətlərin sığortalanması ilə bağlı qaydaların hələlik dəyişdirilməməsi qərara alınıb.

“1-ci rübün nəticələrinə görə, Azərbaycanda qorunan əmanətçilərin 99,5%-nin əmanətinin məbləği 30 min manata qədərdir. Bu da kifayət qədər normal göstəricidir, çünki 100% olması mümkün deyil. Bu baxımdan qərara gəldik ki, sığortalanma məbləğinin artırılmasına ehtiyac yoxdur. Həmçinin sığortalı əmanətlər üçün maksimal faiz dərəcəsinin də indiki səviyyədə saxlanması qərara alındı” – deyə Azad Cavadov bildirib.

Xatırladaq ki, ƏSF-in HŞ-nın bu il, fevralın 23-də keçirilmiş növbədənkənar iclasında qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin 9%-dən 12%-ə qaldırılması barədə qərar qəbul edilib. Fevralın 24-dən qüvvəyə minən qərar Azərbaycanda manatın kəskin ucuzlaşdırılmasından sonraya təsadüf edib.