BANK

17 İyul
3

Elman Rüstəmov: Kredit faizlərini bir qədər də aşağı salacağıq

Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya banklarının mövcud kredit faizlərində müəyyən dərəcədə subyektiv şişirtmələr müşahidə olunur. Banklara bununla bağlı çox ciddi göstəriş verdik, baxmayaraq ki, bəlkə buna hüquqi baxımdan çox da əsasımız yoxdur. Fins.az Report.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov AzTv-yə müsahibəsində bildirib. “Azərbaycanda 45-ə yaxın bank və milyonlarla müştəri var. Bazar liberaldır, yəni heç kimin aparıcı payı yoxdur ki, kiməsə diktə etsin. Lakin banklar sosial məsuliyyəti də unutmamalıdır. Ola bilər ki, əhalinin müəyyən hissəsinin maliyyə savadlılığı azdır. Bu o demək deyil ki, bundan istifadə etmək olar”,- MB sədri deyib.

Onun sözlərinə görə, istehlak kreditlərində faizlər yüksəkdir: “Kredit portfelinə nəzər saldıqda görürük ki, 76%-ə qədər biznes, 24%-i isə ipoteka kreditləşməsi daxil olmaqla, istehlak kreditləridir. İpoteka kreditlərini çıxmaqla istehlak kreditləşməsi hətta 20%-dir. Burada nağd pul kreditləri üzrə faizlər yüksəkdir ki, bu da dünya təcrübəsində də belədir”. MB sədri qeyd edib ki, hazırda daxili bazarda kreditlərə tələbat böyükdür: "Bunu ciddi araşdırmaq lazımdır. Bunun iqtisadi tərəfləri də var. Amma mənə elə gəlir ki, bəzən insanlar krediti yalnız kredit götürmək xatirinə götürürlər”.

E.Rüstəmov kreditlərin bağışlanacağı ilə bağlı yayılan şaiyələrə də aydınlıq gətirib: “Kredit başqa vətəndaşın puludur. Vətəndaşın əmanət kimi banka qoyduğu pulu bank digər vətəndaşa kredit şəklində verib. Sabah kredit qayıtmır, deyirik bağışlanmalıdr. Bank vasitəçidir. Bankın o qədər vəsaiti olmur, əksər hallarda kapitalı isə onun aktivlərinin cəmi 10%-ni təşkil edir, 90%-i vətəndaşların puludur. Kredit bağışlanmalıdır dedikdə dərk etmək lazımdır ki, bank vasitəçidir”.

Baş bankir deyib ki, kommersiya bankları kreditləşmə prosesində bir sıra risklərlə qarşılaşır və bu, kredit faizlərini artırır. Onun fikrincə, xüsusilə girovla bağlı sahədə ciddi problemlər var: "Banklarla razılaşdırdığımız əsas məsələ onlara ucuz pulların verilməsidir. Bunun vaxtı çatıb, monetar genişlənməyə gedirik. Bir sıra mühüm infrastruktur layihələrinin maliyyələşdirilməsinə kredit verəcəyik, bu, hökumətlə razılaşdırılıb. Kiçik və orta biznesin maliyyələşməsinə, ucuz maliyyə vəsaitlərinin verilməsinə, ucuz fondların yaradılmasına başlayacağıq. Əhalinin əmanətlərinə ucuz alternativ yaratmalıyıq. Bahalı resursla ucuz resursların orta qiyməti daha ucuz ola bilər. Həmçinin əhalidə yüksək gəlirli, renta meyilliyini azaltmaq lazımdır. Faiz dərəcələrini bir qədər də aşağı salmaq üçün çalışacağıq, - deyə MB sədri qeyd edib.

E.Rüstəmov bildirib ki, məqsəd diktə etmədən faizlərin aşağı salınmasına nail olmaqdır: “Çox diktə edəndə kölgə bankçılığı, sələmçilik yaranır. Nə əmanətçilərin hüquqları qorunur, nə də kreditorlar məsuliyyət daşıyır. Beynəlxalq təcrübə göstərir ki, sərt tənzimləmə buna gətirir. Əməkdaşlıq formasında bankların problemlərini həll etmək, hədsiz acgözlüyə, sosial məsuliyyətin pozulmasına yol verməmək yolu var. Dövlət və özəl sektorun əməkdaşlığı ilə faizlərin azalmasına nail olmalıyıq. Bank sektorunda faizlərin azalması üçün ehtiyatlar var. Son hesabatları gözləyirik. Amma monitorinq göstərir ki, faizlərdə artıq azalma var. Banklarla işlər davam etdiriləcək, bank sektoru dediklərimizi təmkinlə qarşılayır”.