BANK

07 Avqust
3

“Bank Technique” haqqında səslənən fikirlərlə bağlı açıqlama yayıb

“Müəyyən çətinliklərimiz var, bunları aradan qaldırmaq üçün qüvvəmizi səfərbər edirik"

“Bank Technique” ASC son dövrlərdə bank haqqında səslənən fikirlərlə bağlı açıqlama yayıb.

Fins.az-a bankdan daxil olan məlumatda bildirilir ki, “Bank Technique” ASC ətrafında səslənən fikirlər Bank menecmenti və müştərilərində narahatlıq doğurur.

“Müəyyən çətinliklərimiz var, bunları aradan qaldırmaq üçün qüvvəmizi səfərbər edirik. Xərclərin optimallaşdırılması, bəzi strukturların minimallaşdırılması və müştərilərə xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində bütün mümkün tədbirləri həyata keçiririk. Bankın dayanaqlı mövqeləri bu çətinliklərin öhdəsindən gəlməyə imkan verəcək, biz buna əminik, necə ki, son üç il ərzində məcmu kapital əsaslı şəkildə yüksəldilmiş, 310 mln. manat vaxtı keçmiş kreditlərin 157 mln. manat həcmində yığımına nail olunub. Bank yüksək xidməti ilə 137 min müştərini öz ətrafında birləşdirə bilib. Müştəri vəsaitləri ilə bağlı, mövcud qanunvericiliyin tələblərinə əsasən tam məlumat verə bilməsək də, bununla belə bəzi internet-portallarda yer alan yazılara aydınlıq gətirmək istəyirik. Adı çəkilən “Araş Medical” yüzlərlə müştərilərimizdən biridir və həmin şirkətin hesabında yazılarda qeyd edilmiş vəsait olmayıb, hesabda olan vəsaitlərin isə hər hansı şəkildə batması təhlükəsi yoxdur. Bu həmçinin Bankımızda xidmət olunan digər müştərilərimizə də aiddir”,-deyə bankdan bildirilib.

Açıqlamada qeyd olunub ki, hazırda bank müştərilərə təklif olunan məsafəli bankçılıq xidmət və məhsulların sayına görə liderdir, inkişafını yeni texnologiyalarla, internetlə əlaqələndirir və ölkədə ilk olaraq məhz “Bank Technique” tam həcmdə məsafəli xidmətləri təklif etməyə nail olub:"Technique Online" tamfunksional internet-bankçılıq sistemini,“Technique Mobile” smartfonlar üçün mobil proqramını və Azərbaycan bazarı üçün unikal hesab edilə bilən və bank əməliyyatlarının telefon əlaqəsi vasitəsilə icrasını təmin edən “Technique ID” qabaqcıl identifikasiya sistemini birləşdirən ən yeni İnnovativ Məsafəli Bankçılıq Xidmətləri 18 istiqamət üzrə 75 xidməti birləşdirməklə, demək olar ki, bütün bank əməliyyatlarını əhatə edir".