Bank

11 August
3

Dollar və manat əmanətlərinə fərq qoyula bilər

Azərbaycanda əmanətlər milli və yaxud xarici valyutada qəbul edilməsindən asılı olaraq fərqli faiz dərəcələri ilə sığortalana bilər. Bunu fins.az-a açıqlamasında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov deyib. Onun sözlərinə görə, söhbət əsasən manatla yerləşdirilmiş əmanətlərin daha yüksək faiz dərəcəsi ilə sığortalanmasından gedir. “Dollar əmanətlərinin faizi onsuz da aşağıdır və hamısı sığortalanır. Manatla isə belə deyil. Məsələ ondadır ki, bu günki vəziyyətdə insanlar daha çox manatla kredit götürməkdə maraqlıdırlar. Banklar da manatla vəsait cəlb etmək üçün milli valyutada əmanətlərin faiz dərəcələrini yüksək qoyurlar. Bununla belə, əmanətlərdə manat kütləsinin payı hələ ki, əhəmiyyətli dərəcədə deyil. Əgər manat əmanətləri ciddi artsa gələcəkdə onların daha yüksək faiz dərəcəsi ilə sığortalanması məsələsinə baxıla bilər. Çünki, birdən-birə faizi artırmaq olmaz. Buna zəmin yaranmalıdır” – deyə Azad Cavadov bildirib. ADİF-in Himayəçilər Şurasının bu ilin fevral ayının 23-də qəbul etdiyi qərara əsasən, Azərbaycanda illik 12%-ə qədər yerləşdirilmiş əmanətlər sığortalanır. Milli Məclisin qəbul etdiyi “Əmanətlərin sığortalanması haqqında” qanun isə bir bankda yalnız 30 min manata qədər əmanətin sığortalanmasına imkan verir.