BANK

12 Avqust
2

Problemli kreditləri artsa da, mənfəətini qorudu

Bu ilin 1-ci yarısının yekunlarına görə, “Rabitəbank”ın aktivləri 341 milyon manat təşkil edib. Fins.az-ın bankın saytına istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27% çoxdur. Son 1 ildə bankın məcmu kapitalı 12,6% artaraq 60,9 milyon manat, bankın öhdəlikləri isə 31,7% artaraq 280 milyon manat olub.

Problemli kreditləri 31% artıb

6 ayın yekunlarına görə, bank kredit portfeli 218,3 milyon manat məbləğində kredit verib. Bu da 2014-cü ilin eyni dövrünə nisbətən 11,7% çoxdur. Bankın problemi kreditləri isə 30,9% artaraq 11,3 milyon manat təşkil edib. Vaxtı keçmiş kreditlərin ümumi portfeldə payı isə 4,4%-dən 5,2%-ə yüksəlib.

Daşkəsənlilərə kredit verməyib

“Rabitəbank”ın açıqladığı kreditlərin regionlar üzrə bölgüsünə baxdıqda görünür ki, bank Daşkəsən istisna olmaqla ölkənin bütün şəhər və rayonlarının sakinlərinə kredit verib. Ən çox kredit Bakı (126,7 milyon manat), Sumqayıt (16 milyon manat), Gəncə (11 milyon manat), Ağcabədi (8,4 milyon manat) və Şəmkir (6,7 milyon manat) bölgələrində verilib. Ən az kredit isə Astara (3 milyon manat), Xocalı (1 milyon manat), Şabran (3 milyon manat), Şuşa (2 milyon manat), Samux (3 milyon manat) və Naftalan (2 milyon manat) sakinlərinə ayrılıb.

Rayon sakinlərindən 160-190 manatını ala bilmir

Regionlar üzrə problemli kreditlər isə ən Bakıdadır – 3,8 milyon manat. Bu, paytaxtda verilmiş kreditlərin 3,1%-i qədərdir. Vaxtı keçmiş kreditlər Gəncədə 2,6 milyon manat, Sumqayıtda isə 2 milyon manat olub. Ən az problemli kreditlər isə Abşeron (160 manat), Cəlilabad (160 manat) və Ağstafa (190 manat) rayonlarındadır.

Faiz gəlirləri 29% azalıb

Yarım ilin yekunlarına görə, “Rabitəbank”ın faiz gəlirləri 28,8% azalaraq 19,4 milyon manat, faiz xərcləri 26,6% artaraq 7,6 milyon manat, qeyri-faiz gəlirləri 91,7% artaraq 6,7 milyon manat, qeyri-faiz xərcləri isə 17,2% artaraq 1,3 milyon manat təşkil edib. Beləliklə, bankın xalis gəliri 17,2 milyon manat olub. Bunun 6,1 milyon manatı inzibati xərclərə, 8,7 milyon manatı isə ehtiyatların yaradılmasına yönəldilib. Beləliklə, bank xalis 2,4 milyon manat xalis mənfəət əldə edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 12,2% çoxdur.