BANK

12 Avqust
3

“Rabitəbank” başqa bir bankı alır

“Rabitəbank”ın almaq istədiyi bankın adı məxfi saxlanılır. Fins.az-ın APA-a istinadən məlumatına görə “Rabitəbank” Azərbaycandakı banklardan birinin alınması ilə bağlı danışıqlar aparır. “Rabitəbank”ın maliyyə departamentinin direktoru Nicat Abbasov bu məlumatı təsdiqləyib.

Bununla belə o, konkret nəticə olmadığından “Rabitəbank”ın almaq istədiyi bankın adını açıqlamayıb: “Bu məsələlər hələ tam rəsmiləşməyib, dəqiqləşməyib. Buna görə də bankın adının məxfi saxlanılması məqsədəuyğundur. Bu 1-2 günə həll edilən məsələ deyil. Bunun üçün müəyyən müddət lazımdır. Yəqin ki, bir aya bu məsələlər dəqiqləşəndən sonra ictimaiyyətə əlavə məlumat verilə bilər”.

N.Abbasov əlavə edib ki, “Rabitəbank”ın digər bankı almaq niyyəti fəaliyyətinin genişləndirilməsi strategiyasına uyğundur.

“Hazırda “Rabitəbank” zəif banklardan deyil. Rabitəbank bu proses nəticəsində inkişafını gücləndirmək fikrində deyil. Bankımızın inkişaf etməsi üçün özünün yetərincə gücü var. Amma bankımızın digər bankı almasının az da olsa, müsbət təsiri olacaq” – deyə, N. Abbasov vurğulayıb.