BANK

02 Sentyabr
4

“AGBank”a əlavə pul qoyulacaq

Sentyabrın 18-də “AGBank”ın səhmdarlarının iclası keçiriləcək. Bu barədə fins.az-a açıqlamasında bankın İdarə Heyəti sədrinin müavini Əfqan Cəlilov məlumat verib. Onun sözlərinə görə, iclasda bankın nizamnamə kapitalının azı 10 milyon manata artırılmasına qərar verilməsi gözlənilir: “Devalvasiyadan sonra “AGBank”ın kapitalı 50 milyon manatdan 42 milyon manata düşmüşdü. Bu da Azərbaycan Mərkəzi Bankının məcmu kapitalla bağlı tələbinə cavab vermir. Buna görə də, səhmdarlar bankın kapitalına əlavə pul qoyacaqlar”.

Heç bir bankla birləşməyəcək

“AGBank” rəsmisi təmsil etdiyi bankın “Rabitəbank” tərəfindən alınması ehtimalını da qəti şəkildə təkzib edib: “Bu məlumat tamamilə yanlışdır. Bizim hər hansı bankla birləşmək fikrimiz yoxdur”. Əfqan Cəlilov eyni fikri bank olmayan kredit təşkilatları (BOKT) ilə konsolodasiya barədə də səsləndirib: “BOKT-ların əksəriyyətində devalvasiyadan sonra ciddi problemlər yaranıb. Əgər hansısa BOKT satışa çıxarılırsa yəgin ki, üzləşdiyi problemlərə görə bu addım atılır. Biz də sağlam olmayan aktiv əldə etmək istəmirik”.

“İçəri Şəhər” filialını açacaq

Devalvasiyadan sonra “AGBank”ın müştəriləri nisbətən azalsa da, bank filiallarının sayını azaltmaq niyyətində deyil. Əksinə yaxın vaxtlarda metronun “İçəri şəhər” stansiyasının yaxınlığında yeni filialın açılması nəzərdə tutulub. “Elektron ödəniş sistemləri nə qədər inkişaf etsə də, müştərilərin yenə də bir qismi, xüsusilə yaşlı nəsil ödəniş etmək, pul göndərmək və s. əməliyyatlar üçün bankla birbaşa təmasda olmaq istəyir. Ona görə də, daha bir filial açmağa qərar verdik” – deyə Əfqan Cəlilov bildirib.

Problemli kreditləri 7-8%-dir

“AGBank” rəsmisi bankın problemli kreditlərinə də aydınlıq gətirib və bu nisbətin 7-8% civarında olduğunu bildirib. Onun sözlərinə görə, vaxtı keçmiş borcların bir qismi “AGBank”ın problemli kreditlərlə iş üzrə departamentinin əməkdaşları tərəfindən, bir qismi isə hüquq (kollektor) şirkətləri ilə əməkdaşlıq çərçivəsində yığılır: “Bununla da, biz öz əməkdaşlarımızla onların işçiləri arasında müqayisə aparırıq, problemli kredit departamentimizin işinin effektivliyini artırırıq”.