BANK

03 Sentyabr
3

“Pulu banka qoymaqdansa əmlak alın” - EKSPERTDƏN TÖVSİYYƏ

Son ayların təcrübəsi göstərir ki, Azərbaycan banklarında risk həddindən çox yüksəkdir, onlara əmanət qoymaqdansa pulu daşınmaz əmlaka yatırmaq daha məsləhətdir. Bunu fins.az-a açıqlamasında “MBA” konsaltinq və qiymətləndirmə şirkətinin prezidenti Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, iqtisadi aktivliyin azalması Azərbaycanda əmlakı getdikcə ucuzlaşdırsa da, ona investisiya qoymaq istənilən halda sərfəlidir: “Ola bilər ki, əmlak bundan sonra da ucuzlaşsın. Amma onu alıb icarəyə vermək olar və əldə edilən gəlirlə ən azı ucuzlaşmadan olan itkini kompensasiya etmək mümkündür. Bu bank əmanəti ilə müqayisədə daha təhlükəsizdir. Gördüyümüz kimi, bəzi banklara pul qoyanlar ordan vaxtında pulunu çıxara bilmir”.

Nüsrət İbrahimovun fikrincə, daşınmaz əmlaka pul qoymaq istəyənlər mənzil, fərdi ev, torpaq sahəsi almaqdansa kommersiya obyektlərinə, xüsusilə də ofislərə üstünlük versələr daha yaxşı olar: “Ofis belədir ki, həmişə kimsə oranı icarəyə götürür. Birinin işi alınmırsa, o biri gəlir, amma əmlakın sahibi daimi gəlir əldə edir”.

Daşınmaz əmlak bazarı üzrə ekspert məsləhət görür ki, metro stansiyalarına yaxın əmlaklar əldə edilsin. Söhbət dəyəri orta hesabla 150 min manat olan obyektlərdən gedir.