BANK

03 Sentyabr
2

İranlı iş adamı Pakistan Bankını aldadıb

Pakistan Milli Bankının Bakı filialı əmanətlərin faiz dərəcəsini minimum həddə müəyyən edib. Bu barədə fins.az-a açıqlamasında filialın baş menecerinin müavini Sahib Quliyev məlumat verib. Onun sözlərinə görə, hazırda bankda manatla əmanətlər illik 5%-də, dollarla əmanətlər isə 2%-lə qəbul edilir: “Bizdə likvidlik həddindən çox yüksəkdir, pulu ehtiyacımız yoxdur. Ona görə də, əmanət faizlərini aşağı qoymuşuq. Yəni o pulu harasa yönəltməyəcəyiksə, yığmağın mənası yoxdur. Havayı yerə faiz ödəmək istəmirik”.

Kreditləri 10-17%-lə verir

Hazırda Pakistan Milli Bankının Bakı filialı illik 10-17%-lə, girov müqabilində kredit ayırır. Sahib Quliyevin sözlərinə görə, riskləri minimum həddə endirmək üçün kredit müraciətləri İslamabaddakı baş ofisə göndərilir və müsbət cavab aldıqdan sonra müştərilərə borc verilir: “Bütün kreditlər baş ofisin nəzarəti altında ayrılır ki, sabah burada kiminsə məsuliyyətsizliyi ucbatından banka problem yaranmasın”.

İranlı iş adamı banka “pul atıb”

Kredit şərtləri nə qədər sərt olsa da, Pakistan bankında da problemli kreditlər var. Sahib Quliyev deyir ki, ilin 2-ci rübünün yekunlarına görə, filialın kredit portfeli təxminən 2 milyon manat təşkil edib. Bunun isə 1-2%-i vaxtı keçmiş kreditlər olub: “Bakıda İrandan olan iş adamının zavodu var idi. Onlar yuyucu məhsullar istehsal edirdilər. Biz də xammal almaq üçün onlara kredit vermişdik. Həmin zavod bağlanıb, sahibkar qaçıb gedib, banka borcu qalıb”.

Bununla belə, onun sözlərinə görə, iranlı sahibkara verilmiş kredit borcunu bağlamaq problem olmayacaq: “O zavodun əmlakı - texniki avadanlıqlar, torpaq sahəsi bankın girovluğundadır. Satışa çıxarıb krediti bağlayacağıq”.