BANK

08 Sentyabr
7

Obyekt almaq üçün ipoteka krediti – İLLİK 12%-LƏ

"Xalq Bank" kommersiya obyekti almaq üçün ipoteka krediti təklif etməyə başlayıb. Bankdan verilən məlumata görə, bu kreditlə ofis, ticarət, istehsal və digər kommersiya təyinatlı daşınmaz əmlak və qeyri-yaşayış sahələrinin alınması mümkündür. İpoteka krediti fiziki və hüquqi şəxslərə 10 ilədək müddətə, illik 12%-dən başlayan (12-14%) faiz dərəcəsi ilə təklif olunur. Kreditin minimal məbləği 50 000 dollardır, maksimum məbləğ isə məhdudiyyət qoyulmur. Şərtlərə görə, obyektin dəyərinin dəyərinin 30%-ni alıcı ödəməlidir. Krediti təkcə bir şəxs yox, 3 şəxs birgə də ala bilər. Alınan əmlak isə mülkiyyət hüququnu təsdiq edən sənədlə olmalıdır – yəni «çıxarışlı» olmalıdır. Bəs ipoteka krediti ilə obyekt almaq sərfəlidirmi? «Xalq bank»ın təklif etdiyi şərtləri nəzərə almaqla fins.az-ın apardığı hesabslamalara görə, bu kreditlə kommersiya obyektinin alınması təqribən 50% baha başa gəlir.

Belə ki, adı çəkilən kreditlə 100 min manatlıq kommersiya obyekti alınırsa, şərtlərə görə, 30 min manatını alıcı ödəməlidir. Qalan 70 min manat ipoteka krediti ilə ödənilməlidir. Bankın şərtlərinə görə, (10 illik, ildə 12% olmaqla) 70 min manatlıq ipoteka kreditinin qaytarılması üçün 10 il ərzində ayda 1000 manat, ümumilikdə 120,5 min manat ödənməlidir. Obyektin alınması üçün əvvəlcədən ödənilən ilkin ödənişi (30 min manat) də nəzərə alanda 100 min manatlıq obyekt yeni sahibinə 150 min manata başa gələcək.

Qeyd edək ki, bankın şərtlərinə görə, krediti həm tək, həm də 3 şəxs birlikdə götürə bilərlər. Bankdan verilən məlumata görə, bu üsul daha böyük kredit götürməyə imkan verir: «Əgər bir nəfər 100 min kredit ala bilərdisə, 2-3 nəfərdə bu məbləğ 250-300 minə manata qədər arta bilər». Kreditin 3 nəfər tərəfindən götürülməsi imkanı onun etibarlı qaytarılmasını da təmin edir. Məsələ bundadır ki, birgə borcalanlar bir-birlərinə nəzarət edərək kreditin vaxtında qaytarılmasını təmin edirlər. Üstəlik bu variantda hər bir borcalana düşən məbləğ də böyük deyil – cəmi 30-35 min manat. Birgə borcalan müştərinin yaxın qohumu və ya biznes ortağı ola bilər.