BİZNES

12 Noyabr
363

Şirkət necə idarə olunmalıdır ?


Azərbaycanda yeni şirkətlər yaradılsa da idarəetmədəki qüsurlar bəzən şirkətlərin fəaliyyətinə mənfi təsir göstərir. Fins.az şirkət idarəçiliyindəki boşluqlar və onların aradan qaldırılmasıyla bağlı Kamran Babayevin müsahibəsini təqdim edir.

Kamran müəllim, uzun müddət rəhbər vəzifələrdə çalışmısınız, fərqli idarəetmə sistemlərinin şahidi olmusunuz. Sizin fikrinizcə sığorta şirkətinin idarəetmə sistemi necə qurulmalıdır? Ümumiyyətlə hansı idarəetmə sistemini siz daha effektiv görürsünüz?

İdarəetmə sistemləri çoxdur və birmənalı demək olmaz ki, məhz hansı biri daha effektivdir. Bu asılıdır şirkətin həcmindən, biznes mühitindən və bir çox digər hallardan. Amma ümumi deyə bilərəm ki, bizim reallıqda bir çox hallarda səhmdar bütün qərarları özü vermək istəyir. Amma bu hər zaman effektiv olmur. Səhmdar yeni bir biznes qurduqda, biznesə yeni başladıqda, bu təbii haldır ki, bütün qərarları özü verir – şirkət hələ kiçikdir, proses azdır, həmçinin biznes hələ oturuşmayıb. İşləri yoluna qoyana kimi sahibkar bütün hər xırda prosesi öz nəzarətində saxlayır ki, şirkəti istədiyi kimi qursun, itkisi olmasın və s. Amma biznes böyüdükcə, proseslər artır, iş həcmi çoxalır və sahibkar artıq bütün prosesləri nəzarətdə saxlamaqda çətinlik çəkir. Bu zaman artıq səlahiyyətlərin bir hissəsinin aşağı ötürülməsi haqqında düşünülməlidir. Bunu zamanında etmək lazımdır, əks halda biznes böyüdükcə, problemlər də böyüyəcək. Amma bunu etmək sahibkar üçün elə də asan olmur, çünki uzun müddət bütün qərarları özü verib və səlahiyyətlərin aşağı ötürülməsinə ehtiyyat edir. Ortaya etibar məsələsi çıxır. Hər bir insan ən çox özünə etibar edir və sahibkar da ehtiyyat edir ki, digər şəxslər onun kimi düzgün qərarlar verməyə bilərlər, səhvlər edər və biznesə zərər gələr. Amma daha dərindən bu məsələyə baxdıqda, səlahiyyətlər ötürülmədiyi halda biznesə daha çox zərər gəlir. Dediyim kimi, iş həcmi artır, sahibkar hər prosesə özü nərazət edir və bu zaman strateji məsələlər unudulur. Belə hallarda strateji qərarlar gec verilir və nəticədə çeviklik itirilir. Çeviklik isə biznesdə çox önəmlidir, çünki bazar dəyişkəndir, hər dəyişiklikliyə çevik reaksiya vermək lazımdır, əks halda rəqiblərdən çox geridə qalmaq ehtimalı var. Bazar iqtisadiyyatında, rəqabətli bazarda qərarlar vaxtında verilməlidir. Bunun üçün mütləq müvafiq səlahiyyətlər aşağılara ötürülməlidir. Əgər şirkətə peşəkar top-menecerlər cəlb olunarsa, prosesləri əks etdirən, riskləri önləyən prosedurlar olarsa və şirkətin güclü daxili audit komandası varsa, səlahiyyətləri ötürməkdən çəkinmək lazım deyil. Mənim fikrimcə effektiv idarəetmə sistemi Top-menecmentə səlahiyyətlərin verilməsini nəzərdə tutur. Əks halda biz nə ilə rastlaşırıq? Top-menecerin səlahiyyəti olmadıqda, lakin üzərinə öhdəliklər qoyulduqda, şirkətdə kreativ fikirlər, inisiativ göstərən şəxslər olmayacaq. Öhdəlik varsa, səlahiyyət də olmalıdır. Şirkətin effektiv idarə olunması üçün sahibkar (səhmdar) tərəfindən şirkətin strategiyası, illik büdcəsi, top-menecerlərin qarşısına qoyulan illik hədəflər, prosesləri əks etdirən və riskləri önləyən prosedurlar sahibkar tərəfindən təsdiqlənməlidir. Həmçinin şirkətdə dəqiq səlahiyyət matrisi təsdiqlənməlidir və hər kəs, xüsusən də top-menecment öz səlahiyətlərini bilməlidir. Sahibkar özündə strateji qərarları saxlayır, top-menecmentdən isə büdcə və hədəflərin yerinə yetirilməsi üzrə və digər önəmli hesabatlar alır. Artıq bundan sonra sahibkar daxili və xarici auditlər vasitəsilə şirkəti nəzarətdə saxlayır. Bilirsiz, top-menecmentin qarşısına hədəflər qoyulursa, bu hədəflərə çatmaq üçün top-menecmentə müvafiq səlahiyyətlər verilməlidir və nəticə tələb edilməlidir. Düzgün idarəetmə sistemi olduğu halda şirkət böyük uğurlara əl ata bilər, həcmlərini ciddi şəkildə artıra bilər və bunları sağlam şəraitdə edər.

Kamran müəllim, siz auditin önəmliliyini qeyd etdiniz. Amma bəzi şirkətlərdə daxili audit formal xarakter daşıyır. Bu haqda nə deyə bilərsiniz?

Mən özüm 4 il daxili auditin rəhbəri olduğumdan auditin nə qədər önəmli olduğunu bilirəm. Mən şirkət rəhbəri çalışdığım müddətdə şirkətdə sahibkara hesabat verən güclü, müstəqil və obyektiv audit komandasının olmasının tərəfdarı olmuşam. Peşəkar və dürüst top menecer rəhbərlik etdiyi şirkətdə güclü daxili auditin olmasını və ya peşəkar xarici auditlərin keçirilməsini istəməlidir. Elə top-menecerlər var ki, şirkətdə güclü audit komandasının olmasını istəmirlər. Bu yanlış mövqedir. Özünüz düşünün, hansı daha yaxşıdır. Bir halda şirkətdə daxili audit demək olar ki yoxdur, əməliyyat və digər yanlışlıqlar zamanında aşkar edilmir. Nəticədə ilk müddətdə top-menecmentin səhvsiz fəaliyyət göstərməsi göz qabağında olur. Lakin zamanında aşkar edilməyən səhvlər və ya işçilər tərəfindən dələduzluq halları bir gün şirkətə elə zərər vurur ki, sahibkar böyük itkilərlə qarşılaşır. Digər halda isə həmin bu səhvlər audit tərəfindən zamanında aşkar edilir və top-menecmentə bildirilir. Top-menecment bu səhvləri aradan qaldırır və təkrarlanmaması üçün tədbirlər görür. Əlbəttə ki, ikinci variant doğrudur. Şirkətin fəaliyyəti zamanı səhvlər ola bilər, bu normaldır. Lakin səhvlərdən qorxub, onları gizlətmək yox, zamanında aşkar edilməsi üçün top-menecment tərəfindən tam şərait yaradılmalıdır. Özünə güvənən top-menecerlər şirkətdə müstəqil və şəffaf auditlərin keçirilməsi üçün nəinki şərait yaratmalıdır, hətta belə auditlərin keçirilməsini tələb etməlidir. Top-menecment sahibkar qarşısında tam şəffaf olmalıdır.

Şirkətin uğurlu olmasını necə görmək olar?

Uğurlu şirkət strategiyadan asılı olaraq həcminə görə, göstərdiyi xidmət səviyyəsinə görə bazarın liderlərindən olan və hədəflədiyi mənfəəti əldə edən şirkətdir. Uğurlu şirkət həm müştəriləri, həm də işçiləri tərəfindən sevilən şirkətdir.