BİZNES

12 Noyabr
74

Vüqar Gülməmmədov: “Dövlət büdcəsində sosial yönümlü xərclər artıb”

“Büdcənin proqnozlaşdırılması çox çətin və mürəkkəb prosesdir. İlin əvvəlində nəzərdə tutulmayan və gözlənilməyən xərclərin icra prosesində meydana çıxması dövlət büdcəsində ehtiyat vəsaitlərin nəzərdə tutulmasını zərurətə çevirir”.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov rəhbərlik etdiyi qurumun büdcə ilə bağlı hazırladığı rəyi təqdim edərkən deyib.

Onun sözlərinə görə, 2020-ci ilin dövlət büdcəsində dövlət borcunun yuxarı hədlərinin azaldılması nəzərdə tutulur: “Eyni zamanda, 2020-ci ilin dövlət büdcəsində xərclərin həcmi 2019-cu ildəkinə nisbətən artacaq. Bu isə dövlətin sosial yönümlü xərclərinin artması ilə bağlıdır. Növbəti ilin dövlət büdcəsində sosial yönümlü xərclər ən böyük həcmə malikdir”.

Hesablama Palatasının sədri vurğulayıb ki, 2020-ci ilin dövlət büdcəsi layihəsi yeni vahid büdcə təsnifatına əsasən tərtib edilmiş ilk büdcədir: “Növbəti ildən qüvvədə olacaq təsnifat dövlət maliyyəsinin beynəlxalq metodologiyaya uyğunlaşması istiqamətində uğurlu addımlardan biridir”.

O qeyd edib ki, növbəti il həm mərkəzləşmiş, həm də yerli gəlirlərdə artım proqnozlaşdırılır: “Hesablama Palatası tərəfindən hazırlanan rəydə büdcə layihəsinin icrası ilə bağlı 30-a yaxın tövsiyə verilib”.

APA