BİZNES

21 Noyabr
243

Yanvar-oktyabr aylarında Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 3,1 dəfə artıb

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 5 milyon 261,4 min kvadratmetr təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 3,1 dəfə çoxdur. Bu barədə fins.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Oktyabrda 1 milyon 400,8 min kvadratmetr yaşayış sahəsi istismara verilib.

Bu, prezident İlham Əliyevin bəzi çoxmərtəbəli yaşayış binalarının istismarının sadələşdirilməsi haqqında imzaladığı fərmanın həyata keçirilməsi ilə əlaqədardır. Fərmana əsasən, Fövqəladə Hallar Nazirliyinə 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə etmək tapşırılıb.

Statistik məlumatlara görə, 10 ay ərzində yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 1 milyard 81,7 milyon manat (artım 11,1%) təşkil edib.

Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 2 milyon 84,7 min kvadratmetr təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 3,3% çoxdur.

Ötən il yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 1 milyard 318,8 milyon manat (artım 32,3%) təşkil edib.