BİZNES

21 Noyabr
244

“Telegram”ın yaradıcısı “WhatsApp”dan imtina etməyə çağırıb

“Telegram”ın yaradıcısı bildirib ki, “WhatsApp”ın müdafiə sisteminin zəif olması hakerlərin istifadəçi məlumatlarını ələ keçirməsini asanlaşdırır. “Bunun üçün hakerin sizə bir video göndərməsi kifayətdir”, - deyə Pavel Durov qeyd edib.

“Telegram” messencerinin yaradıcısı Pavel Durov proqramın müdafiə sistemindəki zəifliyi əsas gətirərək smartfon istifadəçilərini “WhatsApp”dan imtina etməyə çağırıb.

“Mayda demişdim ki, “WhatsApp”ın zəifliyi aşkara çıxacaq, təhlükəsizlik sahəsində bir-birinin ardınca ciddi problemlər yaranacaq”, - Durov “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, hakerlər və dövlət müəssisələri asanlıqla istifadəçilərin şəxsi məlumatlarını ələ keçirə bilərlər. “Haker üçün sadəcə sizə video göndərmək kifayətdir ki, bütün şəxsi məlumatlarınız cinayətkarın əlinə düşsün”, - deyə o əlavə edib.

Durov vurğulayıb ki, “WhatsApp” “məlumatları müdafiə etməməklə yanaşı istifadəçilərin proqramdan kənarda saxladığı foto və videoları izləmək üçün ondan “Troya atı” kimi istifadə edir”. Durov bunu “Facebook” şirkətinin ABŞ Milli Təhlükəsizlik Şurasının Əhali Haqqında Məlumat Toplaması Proqramında (PRISM) iştirak etməsi ilə əlaqələndirir. Belə ki, messencer “Facebook” şirkətinə məxsusdur.

Onun sözlərinə görə, “WhatsApp” təsadüfən smartfonlarda yenilənmiş bütün proqramlara zəif müdafiə sistemi tətbiq edə bilər. “WhatsApp” şirkətinin əsas məqsədlərindən asılı olmayaraq, yekun istifadəçilər üçün bir məsləhət verə bilərəm: fotoşəkillərinizin və mesajlarınızın bir gün kənar şəxslərin əlinə keçməsini istəmirsinizsə, telefonunuzdan “WhatsApp”ı silməlisiniz”, - deyə Durov vurğulayıb.

Oktyabrda “WhatsApp” təhlükəsizlik sistemindəki səhvi düzəltdiyi məlum olub. Belə ki, həmin səhv ucbatından hakerlər virus vasitəsilə mesaj mübadiləsini idarə edə biliblər. İstifadəçi qalereyasında viruslu faylı açdıqdan sonra haker onun yazışmalarını ələ keçirmək imkanı əldə edib.