BİZNES

22 Noyabr
272

Google şirkəti Pixel smartfonlarını hack etməyi bacarana 1.5 milyon dollar mükafat söz verib

Google şirkəti mütəmadi olaraq Android-in təhlükəsizlik sistemini və öz Pixel smartfon seriyasını yeniləyir. Lakin bu cür prosesdə həmçinin adi istifadəçilər də iştirak edə bilərlər. Beləliklə şirkət Android əməliyyat sistemində olan boşluqları aşkar edən şəxslər üçün pul mükafatını yüksəldib. Bundan sonra istifadəçilər öz smartfonlarını leqal şəkildə hack edə və bunun sayəsində yüksək pul mükafatı əldə edə bilərlər. Bu barədə Androidpolice saytı xəbər verib. Android Security Rewards proqramı Pixel 4 seriyası istisna olmaqla digər bütün Pixel smartfonlarını əhatə edir.

Bu proqram öz növbəsində təhlükəsizlik sistemində və Android yenilənmələrində boşluqların aşkar edilməsi üzrə istifadəçilərə pul mükafatlarının verilməsinə yönəlikdir. Məsələn Titan M adlı təhlükəsizlik çipinin işinə təsir edən zərərli kodun aşkar edilməsi üçün nəzərdə tutulmuş pul mükafatı 1 milyon dollar təşkil edir. Lakin əgər boşluq sistem yenilənməsinin işıq üzü görməsindən öncə aşkar olunarsa bu mükafat 1.5milyon dollar təşkil edəcək.

Titan M çipindəki boşluqlardan əlavə olaraq şirkət Android Security Rewards proqramına yeni kateqoriyaları da əlavə edib. Belə ki, istifadəçi məlumatlarının oğurlanmasına və ya smartfon ekranının bloklanmasından yan keçməyə imkan verən boşluqların aşkar edilməsi üçün 500.000$ mükafat veriləcək. Veriləcək pul mükafatının miqdarı isə aşkar ediləcək boşluğun səviyyəsindən asılı olacaq.

Şirkətin verdiyi məlumata əsasən bu proqram çərçivəsində istifadəçilərə ümumilikdə 4 milyon dollar mükafat verilib. Bu il sözügedən proqramda iştirak etmiş şəxslərdən hər biri ortalama 15.000$ vəsait qazanb. Bu isə keçən ilki göstəricidən 20% çoxdur. Sistem boşluqlarının aşkar edilməsi ilə məşğul olan şəxslər üçün bu yeni mükafatlandırma sistemi bugündən start götürür. Proqram barəsində bütün detalları isə Google şirkətinin saytında öyrənmək olar.