Finss.az - ABŞ fond indeksləri çərşənbə axşamı sessiyasını enişlə başa vurub.
Səbəb kimi investorların statistik göstəriciləri və şirkətlərin maliyyə hesabatlarını dəyərləndirməsi, eyni zamanda idxal rüsumları ilə bağlı qeyri-müəyyənliklər göstərilir.
ABŞ Ticarət Nazirliyinin məlumatına görə, mart ayında ölkənin xarici ticarət balansının kəsiri 14% artaraq rekord səviyyə olan 140,5 milyard dollara çatıb. Eyni zamanda idxal həcmi də tarixi maksimum olan 419 milyard dollarla nəticələnib.
Bazar ertəsi gecəsi ABŞ Prezidenti Donald Tramp dərman sənayesinə qarşı yeni rüsumlar tətbiq edə biləcəyini açıqlayıb. Bu açıqlama Moderna (-12,3%), Eli Lilly (-5,6%), Vertex Pharmaceuticals (-10%) və digər farmasevtika şirkətlərinin səhmlərində ciddi dəyər itkilərinə səbəb olub.
Texnologiya sektorunda da eniş müşahidə olunub. Palantir Technologies gəlir və mənfəət baxımından müsbət nəticələr göstərsə də, səhmləri 12%-dən çox ucuzlaşıb. DoorDash Inc. isə Deliveroo Plc-ni 3,9 milyard dollara satın aldığını açıqlasa da, səhmləri 7,4% azalıb.
Ən böyük texnologiya şirkətləri – Apple, Microsoft, Amazon, Nvidia, Alphabet də daxil olmaqla – kiçik faizlə dəyər itirib.
Əvəzində Ford Motor və Marriott International kimi bəzi şirkətlərin səhmlərində artım qeydə alınıb. Ford zəif hesabat verməsinə baxmayaraq 2,7% bahalaşıb. Marriott isə xalis mənfəətini 18% artıraraq bazar iştirakçılarının etimadını qazanıb.
Fond bazarlarının əsas göstəriciləri üzrə nəticələr belə olub:
-
Dow Jones: -0,95% (40 829 bənd)
-
SP 500: -0,77% (5606,91 bənd)
-
Nasdaq Composite: -0,87% (17 689,66 bənd)