BİRJA

08 May

ABŞ fond indeksləri artıb

Finss.az - Federal Ehtiyat Sistemi faiz dərəcəsini dəyişməz saxladı, Disney və Nvidia kimi nəhənglərin nəticələri investorlara nikbinlik verdi.

ABŞ fond bazarında çərşənbə günü müsbət dinamika müşahidə olunub. Dow Jones, SP 500 və Nasdaq indeksləri günü artımla başa vurublar. Səbəb kimi həm Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsi ilə bağlı qərarı, həm də bir sıra iri şirkətlərin gözləntiləri üstələyən maliyyə göstəriciləri göstərilir.

FED federal fondlar üzrə əsas faiz dərəcəsini illik 4,25–4,5% diapazonunda saxlayıb. Qərar yekdilliklə qəbul olunub və bu, investorlar arasında qeyri-müəyyənliyi azaltmağa kömək edib. FED sədri Cerom Pauell bildirib ki, tənzimləyici orqan ABŞ-ın xarici ticarət siyasəti ilə bağlı daha çox aydınlıq əldə olunana qədər mövqeyini qoruyacaq.

Əyləncə nəhəngi Walt Disney Co. səhm qiymətlərində 10,8%-lik artım qeydə alıb. Şirkətin ikinci maliyyə rübü üzrə açıqladığı gəlir və xalis mənfəət analitik proqnozlarını üstələyib.

Nvidia Corp. isə 3,1% artım nümayiş etdirib. Səbəb kimi süni intellekt çipləri ilə bağlı məhdudiyyətlərin yumşaldılacağına dair ümidlər göstərilir.

Advanced Micro Devices (AMD), Electronic Arts, Rockwell Automation kimi texnoloji və sənaye şirkətləri də yüksək mənfəət və gəlirlə investorların marağını cəlb edib.

Bununla belə, texnologiya nəhəngi Alphabet Inc. səhm qiymətlərində 7,3% enişlə diqqət çəkib. Apple-ın Safari brauzerində süni intellekt əsaslı axtarış sistemlərini sınaqdan keçirməsi xəbərləri bazarda Google-un mövqeyinin zəifləyəcəyi narahatlığına səbəb olub.

İndeks göstəriciləri belədir:

  • Dow Jones – 0,7% artaraq 41 113,97 bənd

  • SP 500 – 0,43% artaraq 5631,28 bənd

  • Nasdaq – 0,27% artaraq 17 738,16 bənd