Finss.az - Çərşənbə axşamı dünya bazarlarında neft qiymətləri sabitləşib.
Bu, ABŞ və Çinin qarşılıqlı olaraq ticarət rüsumlarını azaltmaq barədə əldə etdikləri razılaşmadan sonra baş verib. Bazar ertəsi neft qiymətlərində əhəmiyyətli artım müşahidə olunmuşdu.
Ağ Evin verdiyi məlumata görə, ABŞ Çin mallarının böyük hissəsinə tətbiq olunan rüsumları 30%-ə qədər endirəcək. Pekin isə ABŞ məhsullarına olan tarifləri 10%-ə salacaq. Bu dəyişikliklər 14 may tarixindən qüvvəyə minəcək.
Bu xəbər enerji bazarlarında müsbət əhval-ruhiyyə yaradıb. ICE Futures London birjasında iyul fyuçersləri üzrə Brent markalı neftin qiyməti 0,14 dollar (0,22%) azalaraq bir barel üçün 64,82 dollar təşkil edib. Halbuki bazar ertəsi bu göstərici 1,05 dollar (1,64%) artımla 64,96 dollara çatmışdı.
Eyni zamanda, NYMEX birjasında iyun fyuçersləri üzrə WTI markalı neftin qiyməti 0,08 dollar (0,13%) azalaraq 61,87 dollar olub. Əvvəlki sessiyada WTI 0,93 dollar (1,52%) bahalaşmışdı.
Hər iki markanın qiyməti son iki həftənin maksimum səviyyəsinə çatıb.
Vanda Insights-ın təsisçisi Vandana Hari bildirib ki, "Amerikanın ticarət rüsumları hələ də investorların diqqət mərkəzindədir. ABŞ-ın digər əsas ticarət tərəfdaşları ilə əldə etdiyi razılaşmalar investor əhval-ruhiyyəsini müsbət təsirləyə bilər".
Onun sözlərinə görə, bu həftə bazar iştirakçılarının diqqəti ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə səfərinə yönələcək. Bu səfər çərçivəsində neft hasilatı siyasəti, həmçinin Qəzza və Ukrayna ilə bağlı mümkün razılaşmalar müzakirə olunacaq.