BİRJA

23 May

Qiymətli kağızlar bazarı üzrə qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılır - Tərlan Rəsulov

Qiymətli kağızlar bazarı qanunvericiliyinin beynəlxalq standartlar və yerli bazar tələblərinə uyğunlaşdırılması ilə bağlı genişmiqyaslı layihəyə artıq start verilib.

Finss.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Tərlan Rəsulov bu gün Bakıda keçirilən Maliyyə İnvestisiya Forumunda çıxışı zamanı bildirib.

O, əvvəlcə kapital bazarına dair statistik göstəricilərə toxunaraq qeyd edib:

“Kapital bazarının ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 2,6 dəfə artaraq 72,5 milyard manat təşkil etmişdir. Xüsusilə korporativ istiqrazların xüsusi çəkisində əhəmiyyətli artım müşahidə olunub. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətli kağızlar bazarında 62% artım qeydə alınmışdır.”

T. Rəsulov bildirib ki, Mərkəzi Bank hazırda mövcud strategiyanın icrası çərçivəsində bir sıra vacib addımlar atır:

“Bu addımlar potensial emitentlər və investorlar üçün cəlbedici olacaq törəmə maliyyə alətləri üzrə yeni hüquqi çərçivənin formalaşdırılmasını da əhatə edir. Eyni zamanda, qiymətli kağızlar bazarına dair qanunvericiliyin beynəlxalq standartlara və yerli bazarın tələblərinə uyğunlaşdırılması istiqamətində genişmiqyaslı layihəyə başlanılıb.”

O vurğulayıb ki, son 2-3 il ərzində investorlar və emitentlər mərkəzə alınaraq formalaşan yeni paradiqma fonunda Mərkəzi Bank tərəfindən atılan strateji addımlar kapital bazarını keyfiyyətcə yeni mərhələyə daşıyacaq:

“Bu proses Azərbaycanın iqtisadi dayanıqlığına mühüm töhfə verəcək. Mərkəzi Bank olaraq bu istiqamətdə səylərimizi maksimum dərəcədə səfərbər edəcəyik.”