Finss.az - Bakı Fond Birjası (BFB) 29 may 2025-ci il tarixində İstanbulda Sabancı Mərkəzində keçirilən 11-ci CFA CEE İnvestisiya Konfransında iştirak edib. Tədbirdə regional və qlobal maliyyə liderləri bazarların inkişafı, sərhədyanı əməkdaşlıq, qlobal kapitalın cəlbi, eləcə də innovasiya, tənzimləmə və rəqəmsallaşmanın transformativ təsiri kimi mövzuları müzakirə etmək üçün bir araya gəlib.
Konfransda çıxış edən tanınmış natiqlər arasında Beynəlxalq Enerji Agentliyinin (IEA) İcraçı direktoru cənab Fatih Birol da var idi. O, enerji təhlükəsizliyi, investisiyalar və iqlim tədbirləri ilə bağlı fikirlərini bölüşüb. Türkiyə Respublikasının Xəzinə və Maliyyə naziri cənab Mehmet Şimşek isə Türkiyə iqtisadiyyatı ilə bağlı məlumat verib. Türkiyə Respublikası Mərkəzi Bankının sədri cənab Fatih Karahan isə pul-kredit siyasəti, makroiqtisadi sabitlik və qlobal maliyyə mühitindəki dəyişikliklər haqqında məlumat verib.
Konfrans boyu keçirilən panel müzakirələrində regional fond birjalarının dəyişən rolu, risklərin idarə olunması, inkişaf strategiyaları və rəqəmsallaşan maliyyə ekosistemində uğur üçün tələb olunan bacarıqlar kimi mövzular müzakirə olunub.
Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov bazarın inkişafı və sərhədyanı əməkdaşlığa həsr olunmuş panel müzakirəsində çıxış etmişdir. Paneldə qlobal kapitalın cəlbi, innovasiyaların təşviqi və tənzimləyici çərçivələrin gücləndirilməsi strategiyaları müzakirə olunub, eyni zamanda dayanıqlı iqtisadi inkişafın təmin edilməsində fond birjalarının əsas rolu vurğulanıb.
Konfransda qlobal investorlar, beynəlxalq maliyyə qurumları, regional tərəfdaşlar və tənzimləyici orqanlar da daxil olmaqla 500-ə yaxın iştirakçı iştirak edib, bu da regionun maliyyə mənzərəsini formalaşdırmaq məqsədilə dialoq, əməkdaşlıq və gələcəyə yönəlik fikir mübadiləsi üçün əlverişli mühit yaradıb.

Zemfira Ms
Finss.az