BİRJA

03 İyun

Qızılın qiyməti sürətlə yüksəlir

Finss.az - ABŞ ticarət sessiyası zamanı qızılın fyuçers qiymətləri əhəmiyyətli artım göstərib.

COMEX birjasında avqust ayı üzrə qızıl fyuçersləri 2,72% bahalaşaraq bir troy unsiyası üçün 3.405,42 ABŞ dolları səviyyəsinə yüksəlib. Bu, bazar iştirakçılarının qlobal iqtisadi qeyri-müəyyənliklər fonunda təhlükəsiz aktivlərə marağının artması ilə əlaqələndirilir.

Sessiya ərzində qiymət maksimum 3.405,81 dollar səviyyəsinə çatıb. Hazırda isə qızıl 3.269,10 dollar səviyyəsində güclü dəstək, 3.405,81 dollar səviyyəsində isə müqavimət tapıb. Analitiklər bu göstəriciləri qızıl bazarında növbəti həftələr üçün əhəmiyyətli texniki səviyyələr kimi qiymətləndirir.

Paralel olaraq, ABŞ dollarının altı əsas valyutaya qarşı məzənnəsini əks etdirən USD indeksi 0,65% azalaraq 98,61 səviyyəsinə düşüb. Bu isə dolların zəifləməsi fonunda qızılın daha da cazibədar olmasına şərait yaradıb.

Digər əmtəə bazarlarında da canlanma müşahidə olunur. COMEX birjasında iyul ayı üzrə gümüş fyuçersləri 5,61% artaraq bir troy unsiyası üçün 34,88 dollar olub. Mis fyuçersləri isə eyni dövrdə 3,85% bahalaşaraq bir funt üçün 4,86 dollar təşkil edib.