BİRJA

05 Avqust

BFB-də ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsi - YANVAR-İYUL/2025

Bakı Fond Birjasında bu ilin yanvar-iyul aylarında fəaliyyət göstərən investisiya şirkətləri üzrə ticarət dövriyyəsinin statistik göstəriciləri məlum olub. Rəqəmlər göstərir ki, dövr ərzində ən yüksək ticarət həcmi "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-yə məxsus olub.

BFB-dən Finss.az-a verilən məlumata görə, “PAŞA Kapital”ın ümumi əməliyyat həcmi 26,6 milyard manata çatıb. Şirkət 4 660 əməliyyatla bazarda lider mövqeyini qoruyub. Əməliyyatların böyük hissəsi REPO (21,7 milyard manat) və dövlət istiqrazları (3,24 milyard manat) üzrə həyata keçirilib.

İkinci yerdə 20,87 milyard manatlıq dövriyyə ilə "ABB İnvest İnvestisiya Şirkəti" qərarlaşıb. Bu göstərici 15 951 əməliyyat əsasında formalaşıb və əsas hissəsi REPO (17,36 milyard manat) və dövlət istiqrazları (3,22 milyard manat) üzrə olub.

Üçüncü pillədə 3,03 milyard manatlıq əməliyyat həcmi ilə "Assist Finance" ASC yer alıb. Şirkət əsasən korporativ istiqrazlar (695,5 milyon manat) və REPO əməliyyatları (2,11 milyard manat) üzrə aktivlik göstərib.

Digər investisiya şirkətləri üzrə ticarət dövriyyəsi belə olub:

• CPM-İnvest – 2,64 milyard manat, 1 491 əməliyyat
• Xalq Kapital – 1,79 milyard manat, 110 əməliyyat
• İnvest-Az – 1,35 milyard manat, 869 əməliyyat
• Unicapital – 1,32 milyard manat, 4 742 əməliyyat
• Capital Partners – 782,8 milyon manat, 1 046 əməliyyat
• Troni İnvest – 431,7 milyon manat, 4 001 əməliyyat
• CFI Financial – 195,2 milyon manat, 80 əməliyyat
• PSG Kapital – 167,7 milyon manat, 850 əməliyyat
• MFX Trading – 141,2 milyon manat, 47 əməliyyat

Qeyd edək ki, bəzi iştirakçılar yalnız seçilmiş bazar seqmentlərində fəaliyyət göstəriblər. Məsələn, Xalq Kapital və CFI Financial səhm bazarında əməliyyat aparmayıb, Troni İnvest isə bu sahədə 3,48 milyon manatlıq dövriyyə ilə çıxış edib.

Ümumi nəticələrə əsasən, 2025-ci ilin ilk yeddi ayında birja üzvlərinin əməliyyatlarında REPO bazarı həlledici rol oynayıb.

Fuad Mədətov
Finss.az