BİRJA

08 Sentyabr

Bakı Fond Birjasında "Bank of Baku" ASC-nin istiqrazlarının “Açılış Zəngi” keçirilib

Finss.az - 8 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasında "Bank of Baku" ASC-nin istiqrazlarının abunə yazılışının başlanmasınа həsr olunmuş “Açılış Zəngi” keçirilib. 

Tədbir "Bakı Fond Birjası" QSC-nin İdarə Heyətinin sədri Ruslan Xəlilovun çıxış sözü ilə açıq elan edilib. O, maliyyə bazarlarında investisiya alətlərinin çeşidliyinin artırılmasının əhəmiyyətini vurğulayıb və kapial bazarına mühüm töhfə verəcəyini qeyd edib. "Bank of Baku" ASC-nin İdarə Heyətinin sədri Həsən Quliyev isə öz çıxışında bildirib ki, “Bank of Baku” bu addımı ilə ölkə iqtisadiyyatına töhfə verməyi hədəfləyir. "ABB-Invest Investisiya Şirkəti" QSC-nin icraçı direktoru Nadir Babazadə öz çıxışında qeyd dib ki, investorlar mövcud istiqrazlar üzrə sifarişlərini “ABB Mobile” tətbiqi vasitəsilə yerləşdirə bilərlər.

Xatırladaq ki, illik gəlirliliyi 13%, ilkin ticarət qiyməti 100 manat təşkil edən, tədavül müddəti 18 ay və buraxılış həcmi 20,000,000 manat olan faizli təmin edilməmiş, sənədsiz, adlı istiqrazların abunə yazılışı 19 sentyabr 2025-ci il tarixində bitəcəkdir. 

Tədbirin sonunda emitent – "Bank of Baku" ASC, "Bakı Fond Birjası" QSC və "ABB-Invest Investisiya Şirkəti" QSC-nin nümayəndələri tərəfindən istiqrazların abunə yazılışının başlanmasını simvolizə edən zəng çalınıb. Beləliklə, istiqrazların Bakı Fond Birjasının ticarət platformasında abunə yazılışına başlanılıb.