BİZNES

22 Aprel

“Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərində KOB-ların iştirakına dəstək göstəriləcək

“Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərində KOB subyektlərinin məhsul və xidmətlərini tanıtmaq üçün xüsusi stend qurulacaq.

Əvvəlki illərdə olduğu kimi bu il də KOB subyektlərinin, xüsusilə mikro və kiçik sahibkarların ölkəmizdə və xaricdə keçirilən müxtəlif ixtisaslaşmış sərgilərdə iştirakına dəstək göstəriləcək.

Fins.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin ediləcək dövlət dəstəyi hesabına KOB subyektləri üçün sərgilərdə xüsusi stendlər qurulacaq. Bu stendlərdə məhsul və xidmətlərini təqdim edəcək KOB-lar tərəfindən hər hansı ödəniş edilməyəcək, sərgi ilə bağlı bütün xərclər dövlət tərəfindən qarşılanacaqdır. Məqsəd KOB subyektlərinin istehsal etdiyi məhsulları və xidmətləri geniş istehlakçı auditoriyasına tanıtmaq, satışına dəstək olmaqdır. KOB-ların sərgilərdə iştirakına dəstək mexanizminin əhatə edəcəyi sərgilər barədə sahibkarların məlumatlandırılması üçün əvvəlcədən KOBİA-nın www.smb.gov.az saytında, sosial şəbəkələrdəki hesablarında və mediada elanlar veriləcəkdir.

15-17 may 2024-cü il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro”) və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi (“İnterFood Azerbaijan”) sərgilərində məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-lar 5 may 2024-cü il tarixinədək KOBİA-ya müraciət edə bilərlər. Sərgidə iştirak etmək istəyən KOB-lar müvafiq formanı doldurmaqla müraciət etməlidir: //smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” hissəsində “Caspian Agro” qeyd edilməlidir).

Fuad Mədətov
Fins.az