BİZNES

23 Aprel

AZPROMO İspaniyada bir sıra görüşlər keçirib - XÜLASƏ

Görüşlərdə İspaniya ilə ticarət və investisiya əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun nümayəndə heyətinin İspaniya Krallığına işgüzar səfəri çərçivəsində bir sıra yerli qurumlarla görüşlər keçirilib.

Fins.az görüşlərin xülasəsini təqdim edir.

İspaniya sahibkarları ilə görüş

AZPROMO və “Madrid Biznes Forumu“nun birgə təşkilatçılığı ilə İspaniya şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Tədbirin əsas məqsədi ispan şirkətlərini Azərbaycanın biznes və investisiya imkanları barədə məlumatlandırmaq idi.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentlik haqqında məlumat verib, bu cür tədbirlərin ölkələr arasında ticarət və investisiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün möhkəm zəmin yaratdığını vurğulayıb. Bildirilib ki, ölkəmizin İspaniyaya qeyri-neft ixracının artırılması üçün biznes dairələri arasında əlaqələr genişləndirilməlidir və bu istiqamətdə AZPROMO aktiv tədbirlər görür.

Tədbirdə çıxış edən Azərbaycanın İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirərək, iqtisadi-ticarət əlaqələrinin də gücləndirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb. Səfir həmçinin bildirib ki, hazırda Azərbaycanda neft-qaz, tikinti və kənd təsərrüfatı sahələrində 30-dan çox ispan şirkəti fəaliyyət göstərir.

Tədbir zamanı Azərbaycanın biznes, investisiya və turizm imkanlarına dair təqdimatlar keçirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

COFIDES ilə görüş

Özəl investisiyaların maliyyələşdirməsi üzrə ixtisaslaşan İspaniyanın dövlət şirkəti COFIDES ilə görüşdə AZPROMO-nun fəaliyyət istiqamətləri, ölkəmizin, o cümlədən işğaldan azad olunmuş ərazilərimizin investisiya potensialı haqqında qarşı tərəfə məlumat verilib.

COFIDES-in nümayəndələri təmsil etdikləri qurum haqqında bəhs edib, AZPROMO ilə qarşılıqlı faydalı layihələrin reallaşdırılması çərçivəsində fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin COP29-u qeyd edərək, tədbirin əməkdaşlıq üçün önəmli platforma kimi rolunu vurğulayıblar.

ICEX ilə görüş

İspaniya şirkətlərinin beynəlmiləlləşdirilməsi istiqamətində fəaliyyət göstərən əsas qurum sayılan ICEX İctimai Təşkilatı ilə görüşdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev İspaniyaya işgüzar səfirin əsas məqsədləri – ispan şirkətləri ilə investisiya tərəfdaşlığının qurulması və ixrac imkanlarının araşdırılması haqqında danışıb. Bildirilib ki, ispan şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsi, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə reallaşdırılan layihələrə cəlb olunması üçün prioritet sektorların müəyyənləşdirilməsi vacibdir. Görüşdə bu xüsusda qurumlar arasında məlumat mübadiləsinin aparılmasına dair razılıq əldə olunub.

ICEX İctimai Təşkilatının baş direktoru xanım Elisa Karbonel iki ölkənin sahibkarları arasında şəbəkələşmənin gücləndirilməsi və əlaqələndirmə işlərində dəstəyin göstərilməsinə hazır olduqlarını diqqətə çatdırıb. Qeyd edilib ki, infrastruktur, nəqliyyat, “smart” yaşayış məntəqələri və şəhərlər, enerji və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərən qabaqcıl ispan şirkətlərinin Azərbaycanda investisiya layihələrində iştirak etməsi üçün geniş perspektivləri var.

İspaniya İqtisadiyyat, Ticarət və Biznes Nazirliyində görüş

Görüşdə İspaniya İqtisadiyyat, Ticarət və Biznes Nazirliyinin Beynəlxalq ticarət və investisiyalar İdarəsinin baş direktoru xanım Alisiya Varela ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduğunu və təmsil etdiyi qurumun bu istiqamətdə lazımi dəstəyin göstərməsinə hazır olduğunu bildirib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın İspaniyaya qeyri-neft ixracının artırılması perspektivlərini diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycanın müsbət biznes mühiti və geniş investisiya potensialı ispan şirkətlərinə ölkəmizdə birgə müəssisələr yaratmağa əlverişli şərait təklif edir və bu da öz növbəsində inkişaf edən ticarət əlaqələrinin dəstəklənməsində önəmli rol oynaya bilər.

Görüşdə həmçinin ikitərəfli münasibətlərin intensivləşdirilməsi üçün Azərbaycanda İspaniya səfirliyinin açılmasının vacibliyi vurğulanıb.

Fuad Mədətov
Fins.az