Finss.az - Cari birinci rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təxminən 32 milyon dollar, əsaslı xərclərə isə 13 milyon dollar vəsait xərclənib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,03 faiz (və ya 1 milyon dollar) azalma və 85,7 faiz (və ya 6 milyon dollar) artım deməkdir.
AZƏRTAC bp-nin 2025-ci ilin birinci rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir ki, 1768 kilometr uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-cü ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 598 milyon ton (4,5 milyard bareldən çox) xam neft nəql edilib və Ceyhanda 5932 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz və ya 30 milyon ton çoxdur.
Bu ilin birinci rübü ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 7 milyon ton (təxminən 54 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 70 tankerə yüklənmiş və yola salınıb.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır.
Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.