Finss.az - Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) maliyyə dəstəyi ilə IV Aqrobiznesin İnkişafı Forumu keçirilib. Forum, ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) sonra Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə FAO arasında iqlimə dayanıqlı kənd təsərrüfatının təşviqi istiqamətində həyata keçirilən əməkdaşlığın növbəti praktik nümunəsidir. Bu əməkdaşlıq çərçivəsində forumun əsas məqsədi aqrobiznesin davamlı inkişafı üçün innovativ maliyyələşmə mexanizmlərinin tətbiqi, yaşıl subsidiyaların təşviqi və ictimai-özəl dialoqun gücləndirilməsidir. “Aqrobiznesin İnkişafı Forumu: Harmoniyaya gedən yol” mövzusuna həsr olunan tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının rəhbər şəxsləri, nazirliklərin tabeli qurumlarının, Azərbaycan Banklar Assosiasiyasının, ölkədə fəaliyyət göstərən bankların, həmçinin yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, regionların və kənd təsərrüfatının inkişafı istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. Həyata keçirilən siyasət nəticəsində ölkənin dayanıqlı inkişafı təmin edir. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən kiçik ailə təsərrüfatlarından iri aqroparklaradək bütün subyektlərin dəstəklənməsi əsas prioritetlərdəndir. Bu dəstəyin mühüm komponentlərini subsidiyalar, güzəştli maliyyələşmə, texniki təminat və institusional təşviqlər təşkil edir: “4-cü Aqrobiznesin İnkişafı Forumu bu il “Harmoniyaya gedən yol” mövzusunda keçirilir. Bu, sadəcə şüar deyil, bu, iqtisadi inkişafla ətraf mühitin qorunması arasında tarazlığın yaradılması, dövlət və özəl sektor arasında güclü dialoqun qurulması, fermerlərin səsinin eşidilməsi və qərarların iştirakçılıq əsasında formalaşması deməkdir. Forumun proqramında təqdim olunacaq mövzular, yaşıl maliyyələşmə, aqro-maliyyələşmə həlləri, rəqəmsallaşma və dayanıqlılıq mexanizmləri, ölkəmizin aqrar siyasətinin gələcək istiqamətlərini formalaşdıracaq”.
Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev qeyd edib ki, qlobal iqlim müzakirələrinin ən ali platforması olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyinin Azərbaycana həvalə olunması isə göstərilən yüksək etimadın, beynəlxalq təşkilatlarla qurulan uğurlu əməkdaşlığın bariz nümunəsidir. COP29-a ev sahibliyi etməklə ölkəmiz enerji, şəhərsalma, maliyyə, kənd təsərrüfatı, insan kapitalının inkişafı və digər sahələri əhatə edən qlobal təşəbbüslərə start verib. Bu təşəbbüslər iqlim dəyişikliklərinə qarşı inklüziv yanaşmaları özündə birləşdirir. COP29 Sədrliyi, Kənd Təsərrüfatı Nazirliyi və FAO-nun birgə təşəbbüsü ilə təqdim olunan “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü” qadın və gənc fermerlərin imkanlarının artırılması, iqlimə davamlı kənd icmalarının qurulması və bilik mübadiləsinin gücləndirilməsi üçün yaradılmışdır. Bu təşəbbüs 90-dan çox qlobal və regional proqramı bir araya gətirərək kənd yerlərində dayanıqlı inkişafı dəstəkləyir və investisiyaların bu sahəyə yönəldilməsinə köməklik edir.
Tədbirdə çıxış edən FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional rəhbər müavini Nabil Gangi kənd təsərrüfatı, su və qida təhlükəsizliyinə təsir edən qlobal amillərdən, dayanıqlı kənd təsərrüfatı inkişafının təmin olunması yollarından bəhs edib. O, ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) yüksək səviyyədə təşkil edən Azərbaycanın qlobal iqlim gündəliyinin formalaşmasında aparıcı rol oynadığını, iqlim dəyişikliyi ilə bağlı öhdəliklərin yerinə yetirilməsinin vacib olduğunu vurğulayıb. Nabil Gangi iqlim dəyişikliyi, torpağın deqradasiyası, qida tələblərinin dəyişməsi və kənd miqrasiyasının mövcud olduğu müasir dövrdə yeni texnologiya və innovasiyalardan geniş istifadənin dayanıqlı inkişafa aparan körpü olduğunu qeyd edib. Azərbaycanda innovasiyaların, məhsuldarlığı və səmərəliliyi artırmaq üçün müasir texnologiyaların tətbiqinə önəm verilir, ərzaq istehsalının təhlükəsiz, dayanıqlı və ekoloji cəhətdən sağlam olmasını təmin edən qabaqcıl təcrübələrdən geniş istifadə olunur.
Tədbir çərçivəsində FAO-nun 80 illiyi və Azərbaycanla əməkdaşlığı çərçivəsində əldə olunmuş nailiyyətlərə dair hazırlanmış videoçarx nümayiş olunub.
Daha sonra kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimovanın moderatorluğu ilə “Azərbaycanda Aqrobiznesin İnkişafına baxış” adlı panel sessiya təşkil olunub. Paneldə Milli Məclisinin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev, İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev, Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov çıxış edərək, aqrobiznesin davamlı inkişafı üçün strateji dəstək mexanizmlərinin formalaşdırılması və tətbiqi, iqlimə dayanıqlılıq və davamlı inkişaf üçün aqrobiznesin innovasiyası imkanları mövzusunda fikirlərini bölüşüblər.
Forum çərçivəsində kənd təsərrüfatı sektorunda “İlin fermeri” nominasiya üzrə qalib gəlmiş 3 fermerə və 2 nümunəvi təsərrüfatın rəhbərinə mükafatların təqdim olunması mərasimi də keçirilib. Fermerlərə aqrar sahədə qazandıqları nailiyyətlərə görə Fəxri Fərman və dəyərli hədiyyələr təqdim edilib.
IV Aqrobiznesin İnkişafı Forumunda həmçinin Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov “Azərbaycanın aqrobiznes sektorunda əsas tendensiyalar, çağırışlar və imkanlar” mövzusunda təqdimat keçirib.
Forum öz işini panel sessiyalarla davam etdirir.
































Zemfira Ms
Finss.az