BİZNES

15 May

“Azexport” portalı “InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərində iştirak edib

Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport.az” portalı Bakı Ekspo Mərkəzində keçirilən  XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgilərində iştirak edib.

“Azexport” portalının nümayəndələri sərgidə iştirak edən yerli və xarici şirkətlərlə istehsal, ixrac, logistika və sertifikatlaşdırma sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Portalın təqdimat komandası sərgiyə ilk dəfə qatılan şirkətlərə "Azexport"un ixracyönümlü alətləri və rəqəmsal imkanları barədə ətraflı məlumat verib.

Sərgi çərçivəsində “Azexport” portalının rəhbəri Ayxan Qədəşov "Binə Agro", "Fruit Land", "Agrarco", "AzRose" kimi tanınmış yerli şirkətlərin nümayəndələri ilə görüşüb. Görüşlərdə kənd təsərrüfatı məhsullarının beynəlxalq bazarlara çıxışı, məhsul izlənməsi və elektron ticarət imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edən sərgilərdə kənd təsərrüfatı məhsulları, müasir texnika və avadanlıqlar, suvarma sistemləri, qablaşdırma texnologiyaları, eləcə də kənd təsərrüfatında tətbiq olunan innovativ həllər nümayiş olunur. Burada ABŞ, Almaniya, Belarus, Belçika, Cənubi Koreya, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Latviya, Niderland, Rusiya, Serbiya və Türkiyə kimi 31 ölkəni təmsil edən 450 şirkət iştirak edir.

Zemfira Ms
Finss.az