BİZNES

16 May

SOCAR İsveçrədə ilk sürətli yükləmə stansiyasını açdı

Finss.az - Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İsveçrədəki törəməsi “SOCAR Energy Switzerland” mayın 15-də ölkədə elektrikli yük avtomobilləri üçün ilk sürətli yükləmə stansiyasını istifadəyə verib.

Kölliken-Nord istirahət zonasında, “A1” yolu boyunca açılan yeni stansiya 400 kVt-a qədər gücə malikdir və elektrikləşdirilmiş ağır yük daşıyan nəqliyyat vasitələrinin yüklənmə müddətini əhəmiyyətli dərəcədə azaldır. Bu isə logistika şirkətləri üçün böyük üstünlükdür.

İsveçrə KİV-ləri xəbər verir ki, SOCAR 2026-cı ilin sonuna qədər ölkədə minik və yük elektrik avtomobilləri üçün təxminən 100 yükləmə məntəqəsi açmağı planlaşdırır.

Qeyd edək ki, SOCAR İsveçrədə “SOCAR” brendi altında yanacaqdoldurma stansiyaları şəbəkəsini uğurla idarə edir və hazırda təxminən 200 stansiyaya malikdir. Həmçinin, Sürixdə “SOCAR Trading” şirkətinin baş ofisi fəaliyyət göstərir.

Bu addım SOCAR-ın enerji sektorundakı yenilikçi yanaşmasının və elektrikləşmə trendlərinə uyğunlaşmasının daha bir nümunəsidir.