BİZNES

03 İyun

Bakı Enerji Forumunda: “Azərbaycan Xəzərin enerji mərkəzi kimi inkişafında tamamilə yeni bir strateji səhifə açır”

Finss.az - Energetika naziri Pərviz Şahbazov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Bakı Enerji Forumunda “Dayanıqlı və davamlı enerji gələcəyi naminə qlobal əməkdaşlıq” mövzusunda plenar sessiyada çıxış edib.

Çıxışda qeyd edilib ki, son 30 il ərzində bu platforma Ulu Öndər Heydər Əliyevin dayanıqlı enerji müstəqilliyi və enerji təhlükəsizliyinə yönəlmiş, diversifikasiya, əməkdaşlıq və uzaqgörən planlaşdırmaya əsaslanan siyasətinin müdrikliyinə, yalnız neft-təbii qazın deyil, həm də “yaşıl enerji” layihələrinin inkişafına və beynəlxalq əməkdaşlığın əhatə dairəsinin genişlənməsinə şahidlik edib. Xəzər dənizini beynəlxalq enerji bazarları ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizi kimi strateji layihələr sayəsində Azərbaycan bu gün neftini 25, təbii qazını isə 12 ölkəyə uğurla ixrac edir. Ötən il Azərbaycanın neft ixracının 75%-dən çoxunun, təbii qaz tədarükünün isə 51%-nin Avropa ölkələrinə yönəldiyini vurğulayan nazir bildirib ki, qısa müddət ərzində boru kəməri ilə qaz nəqlinin coğrafi əhatəsinə görə dünyada qabaqcıl mövqe tutan Azərbaycan, Avropa İttifaqına (Aİ) boru kəməri ilə nəql olunan qazın həcminə görə 7% payla dördüncü təchizatçıdır: “Bu bir daha təsdiq edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün növ enerji resurslarına rasional və balanslaşdırılmış yanaşması, eləcə də ixrac infrastrukturunun inkişafına yönəlmiş qətiyyətli siyasəti ölkəmizin müasir enerji xəritəsində strateji mövqeyini möhkəmləndirərək, qeyri-sabit bir dünyada etibarlı enerji təhlükəsizliyinin nümunəvi modelini formalaşdırmışdır”, - deyə nazir əlavə edib.

Qaz tədarükünün perspektivləri xüsusunda hazırda işlənməkdə olan beş layihə, eləcə də Bakı Enerji Həftəsi çərçivəsində TPAO, Exxon Mobil Corporation, MOL, ITOCHU və Gran Tierra Energy şirkətləri ilə imzalanmış əməkdaşlıq sənədləri diqqətə çatdırılıb. Bununla yanaşı, 2030-cu ilin sonunadək ümumi gücü 2700 MVt olan külək - günəş elektrik stansiyalarının ölkənin enerji sisteminə inteqrasiyası nəticəsində ildə 1,5 milyard kubmetr təbii qaza qənaət ediləcəyi bildirilib. Bu həcmlərin nəqli üçün Cənub Qaz Dəhlizi də daxil olmaqla, bölgədəki nəql infrastrukturlarının ötürücülük gücünün artırılmasının və zəruri zəmanətlərin təmin olunmasının vacibliyi vurğulanıb.

Son 30 il ərzində karbohidrogenlərin qlobal enerji balansında payının təxminən 5% dəyişməsinə istinad edilərək bildirilib ki, alternativ enerji mənbələri mövcud mənbələri əvəz etmir, sadəcə onları tamamlayır. Neft-qazın mühüm rolunun gələcəkdə də davam edəcəyini nəzərə alaraq, bu sahənin maliyyələşdirilməsi təxirə salınmamalı, enerji mənbələri, resursları, ticarət yolları və təchizat zəncirlərinin diversifikasiyası daim prioritet saxlanmalıdır. İndi, investorlar üçün aydınlıq və proqnozlaşdırıla bilənlik təmin edən real və praqmatik siyasətlərin həyata keçirilməsi üçün ən münasib zamandır,- deyə qeyd edilib.

Azərbaycanın “yaşıl enerji” vasitəsilə Xəzərin enerji mərkəzi kimi inkişafında tamamilə yeni bir strateji səhifə açdığını deyən energetika naziri növbəti iki il ərzində 10 günəş və külək elektrik stansiyasının istismara verilməsi ilə bərpa olunan enerjinin inkişafının birinci mərhələsinin tamamlanacağını qeyd edib. Bu çərçivədə bu il 240 MVt gücündə külək elektrik stansiyasının istifadəyə veriləcəyi, 200 MVt gücündə üç günəş stansiyasının tikintisinə başlanacağı bildirilib. Nazir Pərviz Şahbazov deyib: “2.7 milyard dollar investisiya dəyəri olan bu “yaşıl enerji” gücləri ilə quraşdırılmış gücdə bərpa olunan enerjinin payı 2027-ci ildə 33,7%-ə çatacaq. Planlarımız bu göstəricini 2030-cu ildə 38%-ə, 2035-ci ildə isə 42,5%-ə yüksəltməkdir. Növbəti 5 il ərzində quruda və dənizdə yaradılacaq 6 QVt-dan çox “yaşıl enerji gücü”nün 4 QVt-ı ixraca yönəldiləcək. Həmçinin “yaşıl enerji zonası” Naxçıvanın 6 QVt bərpa olunan enerji potensialının ən azı 1 QVt-ı ixrac ediləcək. Azərbaycan Prezidentinin “yaşıl enerji”nin tədarükü və transsərhəd ötürülməsində ölkəmizin aparıcı mövqeyini təmin etməyə yönəlmiş strateji baxışına uyğun olaraq, hazırda Xəzər hövzəsini, Mərkəzi Asiya, Türkiyə və Avropanı əhatə edən genişmiqyaslı “yaşıl enerji dəhliz”ləri layihələri həyata keçirilir. Bu dəhlizlər Avropaya gələcəkdə təkcə “yaşıl enerji”, hidrogen deyil, həm də fiber-optik kabellərlə data nəql edəcək.”

Çıxışda “Xəzər-Qara dəniz-Avropa”, “Mərkəzi Asiya-Azərbaycan”, Naxçıvan üzərindən birbaşa, həmçinin Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə, eləcə də Gürcüstan üzərindən Türkiyəyə, oradan isə Avropaya istiqamətlənən “yaşıl enerji” interkonnektorları barədə məlumatlar verilib. Əlavə edilib ki, Xəzər dənizindən keçməklə Mərkəzi Asiya və Orta Dəhlizi əhatə edən bu strateji layihələr müasir enerji təhlükəsizliyi arxitekturasında regionun rolunun möhkəmləndirilməsinə və uzunmüddətli beynəlxalq əməkdaşlığa yol açan dinamik bir ekosistemin yaranmasına töhfə verəcəkdir.

Zemfira Ms
Finss.az