“Masdar” şirkəti Azərbaycanın “yaşıl enerji”yə keçid prosesinə dəstək verməyə və öz beynəlxalq təcrübəsini bölüşməyə hazırdır.
Finss.az xəbər verir ki, bunu “Masdar” şirkətinin “MEGA Project” layihəsinin direktoru Yernur Ciyönbayev Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.
Y.Ciyönbayev qeyd edib ki, cəmi 19 illik fəaliyyəti olmasına baxmayaraq, “Masdar” bərpa olunan enerji sahəsində özünü dünyanın aparıcı şirkətlərindən biri kimi təsdiqləyib. Şirkət hazırda 40-dan çox ölkədə fəaliyyət göstərir və bərpa olunan enerji üzrə dünyanın ən iri aktiv portfellərindən birinə malikdir.
“Biz Azərbaycanın enerji keçidinin bir hissəsi olmaqdan qürur duyuruq və bu prosesə real töhfə verməyə hazırıq”, – deyə o vurğulayıb.
Konkret təşəbbüslərə toxunan Ciyönbayev Azərbaycanın enerji saxlama infrastrukturunun inkişafı üçün böyük potensiala malik olduğunu bildirib. O, şirkətin Özbəkistandakı uğurlu təcrübəsinə toxunaraq, bu ölkədə yüzlərlə meqavatt gücündə günəş panelləri və enerji saxlama sistemləri layihələrinin həyata keçirildiyini qeyd edib.
“Azərbaycanda da biz demək olar ki, bir giqavatt-saat gücündə bənzər bir layihə planlaşdırırıq”, – deyə o əlavə edib.
Bundan əlavə, “Masdar” şirkəti dayanıqlı enerji şəbəkələri üçün normativ baza və texnoloji infrastrukturun formalaşdırılması sahəsində də Azərbaycana dəstək verməyə hazır olduğunu bəyan edib. Şirkət nümayəndəsi bu istiqaməti strateji əhəmiyyətli hesab etdiklərini vurğulayıb.