İşğaldan azad edilmiş ərazilərdə artıq təxminən 270 meqavat (MVt) gücündə kiçik hidroelektrik stansiyalar (KSES) istismar olunur. Yaxın günlərdə yeni stansiyaların şəbəkəyə qoşulması ilə bu göstərici 308 MVt-a çatdırılacaq.
Finss.az xəbər verir ki, “Azərenerji”nin vitse-prezidentinin birinci müavini Yusif Qarayev bu barədə 30-cu Yubiley “Baku Energy Forum” çərçivəsində keçirilən “Elektrik Enerjisinin İstehsalı və Şəbəkə İnfrastrukturunun İnkişafı: Gələcəyin Enerji Təchizatı” sessiyasında çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, KSES-lərin gücü yaxın vaxtlarda 471 MVt-a qədər artırılacaq və bu, Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji potensialının reallaşmasına mühüm töhfə verəcək.
Bərpa olunan enerji sahəsində digər strateji layihələr barədə də danışan Y.Qarayev qeyd edib ki:
- bp şirkəti tərəfindən inşa edilən 240 MVt gücündə günəş elektrik stansiyası yaxın müddətdə şəbəkəyə qoşulacaq;
- ACWA Power şirkətinin 240 MVt-lıq külək elektrik stansiyası bu ilin ikinci yarısında şəbəkəyə tam inteqrasiya ediləcək;
- MASDAR şirkətinin icra etdiyi “Meqa Layihə” çərçivəsində ümumi 1 QVt (1000 MVt) gücündə iki günəş və bir külək stansiyasının 2026-cı ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılır.
Y.Qarayev bildirib ki, bu layihələr başa çatdıqdan sonra bərpa olunan enerji mənbələrinin (BOEM) şəbəkəyə qoşulan gücü 1910 MVt olacaq. İstismarda olan mövcud BOEM-lərlə birlikdə isə bu rəqəm 2 GVt həddini keçəcək.
Bu inkişaf nəticəsində, ətraf mühitə atılan karbon qazı (CO₂) tullantılarının həcmi illik 1,635 milyon ton azalacaq.