BİZNES

05 İyun

Emin Dostiyari: Qida sənayesi beynəlxalq bazarlara açılır

Finss.az 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda qida məhsulları və içki istehsalında müsbət dinamika müşahidə olunub. 2024-cü ilin yanvar-dekabr aylarında yeyinti məhsullarının ixracı 11,3% artaraq 1,03 milyard ABŞ dollarına bərabər olub. Ümumi statistikaya əsasən, 2024-cü ildə şəkər və şəkərdən hazırlanan qənnadı məhsullarının ixracı 62,4%, bitki mənşəli yağlar və piylər 32,8%, spirtli və spirtsiz içkilər 14,3%, çay ixracı 1,6% artıb. Bütün bu sadalanan məhsulların ixracı ölkəyə 142,2 milyon ABŞ dolları qazandırıb.

Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA) İdarə Heyətinin sədri Emin Dostiyari ixracın artırılması, bu sahədə həyata keçirilən dəstək tədbirləri barədə danışıb.

- Emin müəllim, öncə rəhbərlik etdiyiniz assosiasiyanın fəaliyyəti barədə oxucularımıza məlumat verərdiniz...

- Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası 2019-cu ildə dövlət qeydiyyatından keçib. Təşkilatımız Azərbaycanda qida və içki sənayesində fəaliyyət göstərən 300-dən çox sahibkarı bir araya gətirir. Əsas hədəfimiz sahibkarların maraqlarını qorumaq, eyni zamanda sənayenin inkişafına nail olmaqdır.

AQİSA aparıcı sənaye birliyi olaraq, ölkə daxilində qida və içki sənayeçilərinin, istehsalçılarının, HORECA-ların (hotel, restoran, kafe və katerinq xidmətləri), pərakəndəçilərin, idxal və ixracatçıların kollektiv səsini təmsil edir. Missiyamız Azərbaycanın iqtisadi inkişafına töhfə vermək, sektor əməkdaşlığını, innovasiyaları və davamlı inkişafı təşviq etməkdir.

Assosiasiya “Tüm Restoranlar ve Turizmciler Derneği”nin (TÜRES) Azərbaycandakı nümayəndəsi, Azərbaycan Texnologiya Universitetində Himayədarlar Şurasının üzvü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuraların üzvüdür. Biz, eyni zamanda, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin rəsmi tərəfdaşıyıq.

Missiyamız Azərbaycanın iqtisadi inkişafına töhfə vermək, sektor
əməkdaşlığını, innovasiyaları və davamlı inkişafı təşviq etməkdir

- Yerli sahibkarlara dəstək olan hansı layihələrinizi sadalaya bilərsiniz?

- Biz bir sıra strateji və innovativ layihələr həyata keçiririk. Məsələn, “Made in Azerbaijan” brendinin təşviqi və yerli məhsulların beynəlxalq bazarlarda tanıdılması üçün bütün gücümüzü bir araya gətirmişik. Bundan əlavə, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə son 4 ildə yaxın tərəfdaşlığımız sayəsində 8 şirkətin “InterFood” sərgisinə çıxışına dəstək göstərmişik. Bu baxımdan, KOBİA ilə olan sıx əmədaşlığımızı xüsusilə vurğulamaq istərdim. Dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində sahibkarların rəy və təkliflərini toplayır və təşəbbüslər irəli sürürük. Bundan başqa, yerli istehsalçılar üçün təlim və mentorluq proqramları, davamlı kənd təsərrüfatı və ekoloji istehsal təşəbbüsləri, qəhvə və çay trendlərinin təşviqi, xüsusilə qəhvə çempionatlarının dəstəklənməsi və regional “matcha” çayı və “matcha” mədəniyyətinin yerli bazara tanıdılması istiqamətində də bir sıra işlər görmüşük.

- AQİSA yerli istehsal məhsullarımızın beynəlxalq bazarlarda tanıdılması üçün nə kimi işlər görür? Sizcə, xarici bazarlarda əsasən hansı qidalarımıza maraq daha yüksəkdir?

- Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası olaraq yerli məhsullarımızın xarici bazarlarda uğurla tanıdılması məqsədilə bir sıra nüfuzlu beynəlxalq sərgilərdə iştirak edirik. Məsələn, Birləşmiş Ərəb Əmirliklərində “Gulfood”, Səudiyyə Ərəbistanında “Saudi Halal Expo”, Fransada “SIAL Paris”, Almaniyada “Anuga”, Rusiyada “WorldFood Moscow”, “Prodexpo”, “Kazan Halal Expo” kimi sərgilərdə Azərbaycan məhsullarını təqdim etmişik. Onu da deyim ki, bizim məhsullara ziyarətçilərin marağı hər zaman yüksək olub. Ziyarətçilər ölkəmizdə istehsal olunan nar şirəsi və digər təbii meyvə şirələri ilə daha çox maraqlanırlar. Bundan əlavə, bal və arıçılıq məhsulları, quru meyvələr və çərəzlərimiz, eləcə də zeytun və təbii zeytun yağlarımız hər zaman diqqət mərkəzində olur.
Aqrar sahə üzrə fəaliyyət göstərən assosiasiya üzvlərimiz AZPROMO-nun təşviq kampaniyalarından, o cümlədən beynəlxalq sərgilərdə iştirak və “Made in Azerbaijan” brendinin tanıdılması imkanlarından geniş faydalanırlar. Bu dəstək nəticəsində onlar məhsullarını xarici bazarlarda təqdim edir, yeni tərəfdaşlar qazanır və ixrac həcmlərini artırırlar. Belə təşviqlər qida ixracatçıları üçün müsbət nəticələr verir.

Dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində sahibkarların
rəy və təkliflərini toplayır və təşəbbüslər irəli sürürük

- Daha çox hansı məhsullar ixrac edilir?

- Bu xüsusda Bakıda keçirilən “Caspian Agro” və “InterFood” sərgilərini qeyd etmək istərdim. Həmin sərgilər vasitəsilə yerli və beynəlxalq şirkətlər arasında əlaqələr qurulur, məhsullar tanıdılır və ixrac imkanları genişləndirilir. Azərbaycanın ən çox ixrac olunan kənd təsərrüfatı məhsullarına gəlincə, öncə pomidoru qeyd edərdim. Bundan başqa, ölkəmizdən xurma meyvəsi Rusiya və Yaxın Şərq ölkələrinə daha çox satılır. İxrac etdiyimiz fındığa Avropa bazarlarında ciddi tələbat var. Mən narı da misal çəkmək istərdim, bu meyvənin ixrac potensialı getdikcə artır. Alma və kartof daha çox regional bazarlara yönəldilib. Lənkəran bölgəsində istehsal olunan çay məhsulları ixrac üçün tanıdılır. Bu istiqamətdə qara trüfel göbələyi, qara kürü və zəfəranın da müəyyən qədər payı var.

- Bildiyimiz qədər, ixrac üçün sertifikatlar alınmalıdır. Bu proses hansı formada həyata keçirilir?

- Azərbaycandan qida və içki məhsulları ixrac etmək istəyən iş adamları gigiyenik, fitosanitar, baytarlıq və “HALAL” sertifikatlarını əldə etməlidirlər. Bu sənədlər Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və digər akkreditə olunmuş qurumlar tərəfindən verilir və məhsulun beynəlxalq standartlara uyğunluğunu təsdiqləyir. Qeyd olunan sertifikatlar həm ixrac zamanı gömrük əməliyyatları, həm də xarici tərəfdaşlar üçün çox vacib sənəd hesab edilir. AQTA ixrac üçün tələb olunan qida təhlükəsizliyi sertifikatlarını yalnız laboratoriya sınaqları əsasında təqdim edir və bu xidmətlərin bütün xərcləri istehsalçı tərəfindən ödənilir.

- Assosiasiya üzvləri ilə KOBİA arasında sıx əməkdaşlıq mövcuddur. Bu, onların fəaliyyətinə hansı formada təsir edir?

- KOBİA bir sıra assosiasiyalarla birgə layihələr həyata keçirir və bu da onların fəaliyyət sahələrini genişləndirməyə imkan verir. Müxtəlif sahələr üzrə təşkil olunan mütəmadi görüşlər zamanı assosiasiyalar öz problemlərini və təkliflərini birbaşa dövlət qurumlarına çatdıra bilirlər. Məsələn, KOB evlərində assosiasiya üzvlərinə dövlət xidmətləri “bir pəncərə” prinsipi ilə təqdim olunur ki, bu da onların əməliyyatlarını bir xeyli asanlaşdırır. Bundan başqa, KOBİA assosiasiyalara bazar araşdırmaları, hüquqi məsləhətlər və təlimlər vasitəsilə də dəstək verir.

Qeyd etdiyim kimi, assosiasiyamız KOBİA yanında İctimai Şuranın da üzvüdür. İctimai Şura vasitəsilə assosiasiyalar və sahibkarlar dövlət siyasətinə konstruktiv təsir edə bilirlər. Onlar qanunvericilik təşəbbüslərində iştirak edirlər ki, bu da biznes mühitinin daha əlverişli olmasına şərait yaradan amildir. 2024-cü ildən şuranın Koordinasiya Qrupunun fəaliyyəti nəticəsində dövlət və özəl sektor arasında daha çevik və strateji əməkdaşlıq təmin olunur. Bununla yanaş, şuranın tematik işçi qrupları fəaliyyət göstərir ki, bu da müxtəlif sahələr üzrə konkret problemlərin operativ həlli məqsədilə təşkil edilib.

Sərgilər vasitəsilə yerli və beynəlxalq şirkətlər arasında əlaqələr
qurulur, məhsullar tanıdılır və ixrac imkanları genişləndirilir

 

- Bu yaxınlarda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Birgə İşgüzar Şuranın 6-cı iclası keçirildi. Səhv etmirəmsə, həmin tədbirə siz də qatılmısınız.

- Bəli, çox məhsuldar şəraitdə keçən iclasda qida, enerji, logistika və digər sahələr üzrə sektorlararası əməkdaşlıq əsas diqqət mərkəzində idi. İclas çərçivəsində tərəfdaşlar arasında yeni razılaşmaların əldə edilməsi, xüsusilə indiki dövrdə böyük əhəmiyyət daşıyan logistika və infrastruktur sahələrində əməkdaşlıq sənədlərinə imza atılması tədbirə əlavə rəng qatdı. Həmçinin, B2B (Business-to-Business) görüşləri və təqdimatlar vasitəsilə Azərbaycan şirkətləri, xüsusilə qida istehsalçıları Səudiyyə Ərəbistanı bazarına çıxış imkanlarını müzakirə etdilər. Düşünürəm ki, bu, ixrac üçün real və perspektivli imkanlar yaradır.

- Sosial layihələriniz barədə də deyəcəkləriniz maraqlı olardı.

- AQSİA-nın sosial məsuliyyət və ictimai təşəbbüslər sahəsində həyata keçirdiyi layihələr geniş spektri əhatə edir və müxtəlif sosial qruplara, ekoloji məsələlərə və sahibkarlığın inkişafına yönəldilib. Öncə qeyd edim ki, 2024-cü ildə Bakıda keçirilən mötəbər COP29 tədbiri çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə və yaşıl iqtisadiyyatın təşviqi məqsədilə maarifləndirici və təşviqedici tədbirlər həyata keçirmişik. Bu tədbirlər çərçivəsində ətraf mühitin qorunması və ictimai iştirakçılığın artırılması məqsədilə könüllülərlə birgə sahilyanı təmizlik aksiyalarına qatılmışıq. Sosial rifahın dəstəklənməsi məqsədilə aztəminatlı ailələrə yardım proqramımızı da uğurlu layihələrimiz arasında göstərə bilərəm. Bunlarla yanaşı, qida və içki sənayesini təşviq edən bir neçə layihəyə imza atmışıq. Belə ki, “AeroPress” və “Coffee Championship” çərçivəsində yerli qəhvə istehsalçıları və baristalar üçün yarışlar və təqdimatlar, qəhvə mədəniyyətinin inkişafı və tanıdılması layihələri həyata keçirilib. “Woman Bazar” yarmarkasında isə qadın sahibkarlara məhsullarını təqdim etməsi və satış imkanlarının genişləndirə bilməsi üçün meydan vermişik. Bundan başqa, xaricdə təhsil alan tələbələrlə əməkdaşlıq və qida sektorunun inkişafı üzrə təhlil layihələrimizi də vurğulamaq istərdim. Bütün bu sadaladıqlarım və nəzərdə tutduğumuz digər sosial layihələri gələcəkdə də uğurla həyata keçirməyi hədəfləyirik.

©vergiler.az