Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm hissəsi olan Rəşt–Astara dəmiryolu layihəsinin icrası ilə bağlı İranın şimalında yerləşən Gilan vilayətində tədqiqat işləri sürətləndirilib.
Finss.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Calali rusiyalı ziyalılarla keçirilən görüş zamanı məlumat verib.
Diplomatın sözlərinə görə, Rusiya tərəfinin iştirakı ilə həyata keçirilən tədqiqat işləri çərçivəsində Rəşt–Astara marşrutu üzrə 50 min hektar torpaq sahəsinin mülkiyyəti artıq satın alınıb. Layihənin icrası başa çatdıqdan sonra bu dəmiryolu xəttinin regionda yükdaşımalar üçün əsas magistrallardan birinə çevriləcəyi gözlənilir.
Qeyd edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası sazişlə əsası qoyulmuş Şimal-Cənub nəqliyyat dəhlizi Hindistandan Rusiya və Şimali Avropaya qədər yüklərin çatdırılma müddətini əhəmiyyətli dərəcədə azaltmağı hədəfləyir. Hazırkı marşrut üzrə daşımalar 6 həftədən çox çəkdiyi halda, yeni dəhliz vasitəsilə bu müddət 3 həftəyə qədər endirilə bilər.
Azərbaycan bu dəhlizin əsas iştirakçılarından biri kimi, layihənin reallaşmasında strateji mövqe tutur. Artıq 2019-cu ildə Qəzvin–Rəşt dəmir yolu istifadəyə verilib. Növbəti mərhələ kimi İran ərazisində Rəşt–Astara xəttinin inşası planlaşdırılır.
İran ərazisində Şimal-Cənub Dəhlizinin 3 əsas istiqaməti nəzərdə tutulur:
- Şərq istiqaməti: Türkmənistan və Orta Asiya ölkələrinə çıxış,
- Orta istiqamət: Xəzər dənizi vasitəsilə Rusiya və digər ölkələrə bağlantı,
- Qərb istiqaməti: Azərbaycan üzərindən Gürcüstan, Rusiya və Şərqi Avropa bazarlarına çıxış.
Xatırladaq ki, 2023-cü il mayın 17-də Rusiya və İran arasında Rəşt–Astara dəmir yolunun tikintisi üzrə rəsmi saziş imzalanıb. 163 km uzunluğa malik bu magistral üzrə 9 yeni stansiya inşa ediləcək. Rusiya bu layihəyə 1,6 milyard avro maliyyə ayırmağı öhdəsinə götürüb və inşaat işlərinin 48 ay ərzində başa çatdırılması planlaşdırılır.
Layihənin başa çatması ilə İranın dəmir yolu şəbəkəsi Azərbaycan və Qafqaz vasitəsilə Rusiya və Şimali Avropa ölkələri ilə birləşəcək. Bu isə nəqliyyat və ticarət əlaqələrinin inkişafına təkan verəcək, regionun tranzit imkanlarını artıracaq və Azərbaycanın logistik mərkəz kimi əhəmiyyətini daha da gücləndirəcək.