BİZNES

19 İyun

Neftin qiyməti ucuzlaşmağa başlayıb, Brent 75,4 dollar/barelə düşüb

Finss.az xəbər verir ki, çərşənbə günü axşam ABŞ-ın İsrail-İran münaqişəsində mümkün iştirakı ilə bağlı qeyri-müəyyənlik fonunda neft qiymətləri kəskin şəkildə ucuzlaşmağa başlayıb.

Londonun ICE Futures birjasında Brent markalı avqust fyuçerslərinin dəyəri Moskva vaxtı ilə saat 18:10-a 1,08 dollar (1,41%) ucuzlaşaraq 75,37 dollar/barel təşkil edib.

Nyu-York əmtəə birjasında iyul ayı üçün WTI markalı neftin fyuçersləri bu vaxta kimi 0,98 dollar (1,31%) ucuzlaşaraq 73,86 dollar/barelə bərabər olub.

ABŞ prezidenti Donald Tramp çərşənbə günü Vaşinqtonun İrana, yoxsa ölkənin nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırdığına dair suala cavab verməkdən imtina edib. O, jurnalistlərə "Nə edəcəyimi bilmirsiniz. Bəlkə edərəm, bəlkə etməyəcəyəm" deyib. İran böhranının sülh yolu ilə həlli üçün hələ vaxtın olub-olmaması ilə bağlı suala Tramp deyib ki, “heç vaxt gec deyil”.