BİZNES

19 İyun

Qlobal birbaşa investisiyalar 2024-cü ildə 11% azalacaq

Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatına görə, qlobal birbaşa xarici investisiyalar (BXİ) 2024-cü ildə 11% azalaraq bir il əvvəlki 1,673 trilyon dollardan 1,493 trilyon dollara düşüb.

Azalma artıq ikinci ildir ki, qeydə alınıb.

"2024-cü ildə investisiya mənzərəsi geosiyasi gərginliklər, ticarətin parçalanması və sənaye siyasətində rəqabətin artması ilə formalaşıb. Bu dinamikalar artan maliyyə riski və qeyri-müəyyənliklə birləşərək qlobal investisiya xəritələrini yenidən cızır və uzunmüddətli investorların inamını sarsıdır", - hesabatda deyilir.

Çoxmillətli şirkətlər xüsusilə milli təhlükəsizliyə, təchizat zəncirinin yenidən konfiqurasiyasına və ticarət siyasətinin dəyişdirilməsinə həssas olan sektorlarda uzunmüddətli strategiyalardan daha çox qısamüddətli risklərin idarə edilməsinə üstünlük verirlər.

Keçən il BXİ-də kəskin azalma inkişaf etmiş ölkələrdə (-22%, 626 milyard dollara qədər), xüsusilə Avropada (-58%, 182 milyard dollara qədər) qeydə alınıb. Azalma Avropa ölkələrinin yarıdan çoxunda, o cümlədən Almaniyada (-89%), İspaniyada (-39%), İtaliyada (-24%) və Fransada (-20%) baş verib.

Eyni zamanda, Şimali Amerikada investisiyalar 23% artaraq 343 milyard dollara çatıb, xüsusən də ABŞ yarımkeçirici sənayesində bir sıra irimiqyaslı layihələr (+20%) hesabına.

İqtisadiyyatı inkişaf etməkdə olan ölkələrdə XBİ 0,2% artaraq 867 milyard dollara çatıb.