BİZNES

23 İyun

Qazaxıstan-Azərbaycan ticarət dövriyyəsi artır

Finss.az - Qazaxıstanın Azərbaycandakı Səfirliyi iki ölkə arasında ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika, enerji və tikinti sahələrində əməkdaşlığın cari vəziyyəti və perspektivləri ilə bağlı məlumat yayıb.

Səfir Alim Bayel iqtisadiyyat naziri Mikayıl Cabbarovla keçirilən görüşdə ikitərəfli ticarət dövriyyəsinin artmaqda olduğunu xüsusi vurğulayıb. O bildirib ki, 2025-ci ildə Qazaxıstan ilk dəfə olaraq Azərbaycanın əsas buğda tədarükçüsünə çevrilib və ölkənin taxıl idxalının 88%-ni təmin edib.

Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov isə Qazaxıstanla iqtisadi əməkdaşlığın Azərbaycanın strateji prioritetləri sırasına daxil olduğunu qeyd edib. O, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM), Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin (FORX) çəkilişi, Qazaxıstan enerji daşıyıcılarının Azərbaycan ərazisindən tranziti və Xəzər dənizinin dibi ilə dərin dəniz elektrik kabelinin çəkilməsi kimi mühüm layihələrin əhəmiyyətini yüksək qiymətləndirib.

Səfir A. Bayel Qazaxıstan rəhbərliyinin sənaye kooperasiyasının inkişafına böyük önəm verdiyini bildirib. O, infuziya məhlullarının birgə istehsalının təşkili və Alagöl gölünün sahilində sanatoriya-kurort kompleksinin yaradılması kimi yeni layihələri təklif edib. M.Cabbarov bu təşəbbüslərə dəstək olduğunu vurğulayaraq, əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində işlərin davam etdiriləcəyini qeyd edib.

Həmçinin, tərəflər tikinti sahəsində əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. Artıq bir sıra Qazaxıstan şirkətlərinin Azərbaycanda tibb obyektləri və yaşayış binalarının tikintisinə başladığı diqqətə çatdırılıb və gələcəkdə bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün addımlar atılacağı bildirilib.