Finss.az - Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilmiş qazın həcmi 250 milyard kubmetrə çatıb.
Bu barədə məlumat Energetika Nazirliyindən verilib.
1999-cu ildə kəşf olunmuş “Şahdəniz” yatağında ilkin hesablamalara görə, təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatı mövcuddur. Yataqdan ilk qaz hasilatı “Şahdəniz Mərhələ-1” layihəsi çərçivəsində 2006-cı ilin dekabrında, “Şahdəniz Mərhələ-2” layihəsi üzrə isə 2018-ci ilin iyulunda başlayıb.
Yatağın işlənməsi ilə bağlı sazişlər 1996-cı ildə imzalanıb və 2013-cü il dekabrın 17-də Bakıda həyata keçirilən sənədlərlə hasilatın pay bölgüsü sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.
“Şahdəniz” yatağı Bakı şəhərindən 70 km cənub-şərqdə yerləşir və onun işlənməsi bir neçə beynəlxalq şirkətin birgə iştirakı ilə həyata keçirilir. Yataqda iştirak payları belə bölünüb: BP (operator) 29,99%, “Lukoil” 19,99%, TPAO 19%, NİKO 10%, “Cənub Qaz Dəhlizi” 16,02%, MVM isə 5%.