Finss.az - Azərbaycandan Çinə toyuq əti ixracı istiqamətində sənədləşmə prosesi davam edir.
Bu barədə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli məlumat verib.
Onun sözlərinə görə, Çin tərəfi artıq Azərbaycan mənşəli toyuq ayağının idxalına icazə verib. Hazırda akkreditasiya və texniki sənədləşmə işləri aparılır. “Yaxın bir-iki həftə ərzində prosedurlar tamamlandıqdan sonra ixraca başlanması gözlənilir. Bu, bizim üçün yeni və perspektivli bazardır”, – deyə M.Həsənli qeyd edib.
O bildirib ki, ölkədə quşçuluq sahəsi son illərdə sürətli inkişaf mərhələsinə keçib. Təsərrüfatlar damazlıq və süfrə yumurtası istehsalında daxili tələbatı qarşılamaqla yanaşı, artıq ixrac potensialına da malikdir və xarici valyuta axınının təmin olunmasına töhfə verirlər.
Qeyd edək ki, cari ilin mart ayından etibarən Azərbaycandan ABŞ-yə toyuq yumurtası ixracına start verilib. Rəsmi məlumatlara əsasən, yanvar-aprel aylarında ABŞ-yə 1,45 milyon dollar dəyərində 15,8 milyon ədəd süfrə yumurtası göndərilib.
Hesabat dövründə eyni məhsul üzrə Birləşmiş Ərəb Əmirliklərinə 2,39 milyon dollar dəyərində 38,1 milyon yumurta, Syerra-Leoneyə isə 50,6 min dollar dəyərində 792 min ədəd yumurta ixrac olunub.